Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsindən azad olunmuş və söhbət mərhələsində iştirak etmək istəyən şəxslər “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulmuş aşağıdakı sənədləri 24 iyul 2026-cı il tarixinədək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə təqdim etməlidirlər. Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən tezadlar.az- a bildirilib ki, sənədlər aşağıdakılardır:
– şəxsiyyət vəsiqəsinin surəti;
– kadrların uçotunun şəxsi vərəqəsi;
– ali təhsil haqqında dövlət sənədinin (diplomun) notariat qaydasında təsdiq edilmiş surəti (xarici ölkədə təhsil almış namizədin ali təhsil haqqında dövlət sənədinə (diplomuna) müvafiq xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının peşə tanınması barədə şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti);
– ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti;
– Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən verilmiş sağlamlıq haqqında arayış;
– hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumundan həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ varsa və ya çağırışdan azad edilibsə, bunu təsdiq edən müvafiq sənəd;
– 4×6 sm ölçüdə 4 ədəd, 3×4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.
Təqdim etdikləri sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.
Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar.