Dövlət İmtahan Mərkəzi bəh-bəhlə 9-cu siniflərin buraxılış imtahanlarından dəm vurur, amma…

Oxunma sayı: 1790
Dövlət İmtahan Mərkəzi bəh-bəhlə 9-cu sinif buraxılış imtahanlarını təşkil etməsindən dəm vurur. Dünyanın ən böyük iqtisadiyyatını formalaşdıran G20-də təmsil olunan ölkələrdə ya belə imtahanlar yoxdur, ya da tamamilə başqa məqsəd və məzmuna malikdir. Sİ-nin təqdim etdiyi arayışı Məleykə Abbaszadənin nəzərinə çatdırıram:
ABŞ, Böyük Britaniya, Argentina, Avstraliya, Braziliya, Kanada, Hindistan, Yaponiya, Meksika, Türkiyə, Səudiyyə Ərəbistanında 9-cu sinif (və ya bərabər səviyyədə) buraxılış imtahanı keçirilmir.
Fransada bərabər səviyyədə Diplôme National du Brevet (DNB) almaq üçün imtahanlar təşkil olunur. Bu imtahanlar şagirdlərin hansı liseylərdə təhsilini davam etdirməsini müəyyənləşdirir.
Almaniyada Hauptschule və Realschule sertifikatları orta təhsilin fərqli səviyyələrini tamamlayan şagirdlər üçün nəzərdə tutulmuş diplomlardır. Məhz bu diplomlar əsasında şagirdlər təhsilini hansı yöndə, hansı məktəblərdə davam etdiricəkləri məlum olur.
Çində də Almaniya və Fransaya oxşar modeldir. Zhongkao adlı buraxılış imtahanı şagirdlərin akademik liseylərə və ya peşə məktəblərinə qəbulunu müəyyən edir. İndonaziyada da məqsəd fərqli liseylərə keçidi təmin etməkdir. Qalan digər ölkələrdə də məsələ aşağı-yuxarı eynidir. Hətta Rusiyada belə şagirdlər 9-cu sinif imtahanında (“Основное общее образование”) ancaq rus dili və riyaziyyatdan icbari imtahan verirlər.
Bəs, DİM-in keçirdiyi 9-cu sinif nə üçündür?
Əgər bu sadəcə qiymətləndirmədirsə, bunun üçün şagirdləri bu qədər zülmə, məşəqqətə salmağa nə ehtiyac var?
Əgər ölkədə 10/11 siniflərdə təhsil ixtisaslaşmayıbsa, yaxud fərqli liseylər yoxdursa, bunun üçün bu qədər məsrəfə, gərginliyə nə ehtiyac var?
Xatırladım ki, Məleykə Abbaszadənin 72 yaşı var. Bu yaşda orta məktəb müəllimləri artıq 7 ildir ki, təqaüdə çıxmış olur. Xanım Abbaszadə isə, 30 ildir DİM-ə rəhbərlik edir və bu 30 il ərzində Azərbaycanda 5 Təhsil naziri dəyişib.
Taleh ŞAHSUVARLI,
analitik
Xəbəri paylaş