“Dövlət qurumları üçün süni intellekt layihələrinin xarici resurslarda saxlanılması müəyyən risklər yaradır”

Oxunma sayı: 742
Azərbaycanda süni İntellektin inkişafında yeni mərhələ: iki Superkompüter Mərkəzi qurulur.
Süperkompüter Mərkəzi — yüksək hesablama gücünə malik GPU çiplərindən istifadə edilən, böyük həcmli məlumatların emalı və süni intellekt modellərinin icrası üçün istifadə olunan texnoloji infrastrukturdur.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə fikirlərini Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bölüşüb.
O xatırladıb ki, hazırda Azərbaycanda süni intellekt ekosistemini gücləndirmək məqsədilə iki Superkompüter Mərkəzi qurulur:
“Bu mərkəzlər həm dövlət sektorunun, həm də startap və innovativ biznesin süni intellekt layihələrinə texnoloji dəstək məqsədilə yaradılır.
Birinci mərkəz İqtisadiyyat Nazirliyinin dəstəyi ilə CASPEL şirkəti tərəfindən inşa olunur və yalnız dövlət qurumlarının, elmi tədqiqat qurumların süni intellekt layihələri üçün nəzərdə tutulub. Artıq bütün dövlət qurumlarına bununla bağlı müraciətlər göndərilib.
Layihənin əsas icra tərəfi İN-in İKT Departamentidir. Bu mərkəzə 20 milyon manat büdcə ayrılıb, Dell texnologiyası üzərində qurulur və NVIDIA H200 GPU-lar ilə təchiz olunur.
Təşkilatçılar layihənin ən çətin mərhələlərdən biri olan, ABŞ-dan NVIDIA-nın GPU çiplərinin lisenziyasının əldə olunmasını da artıq tamamlayıblar. Hazırda xidmətlərin dizaynı və tarifləri üzərində işlər gedir. Yaxın günlərdə açılışı nəzərdə tutulub.
İkinci mərkəz isə AzİnTelecom tərəfindən qurulur və bu yaxınlarda 7 milyon manatlıq tenderin nəticəsində işlərə start verilib.
Tender başa çatıb, lakin 2-ci Superkompüter Mərkəzini quracaq şirkəti AzİnTelecom hələlik elan etməyib. Bu mərkəzin Lenovo texnologiyası üzərində qurulması gözlənilir və NVIDIA H200 GPU çipləri ilə təchiz ediləcək. Hələlik ən çətin mərhələnin, NVİDİA çipləri üçün ABŞ-dan lisenziyanın əldə olunması haqqında məlumatlar verilməyib.
Bu mərkəzdə əsas istifadəçi qismində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən AI Lab, həmçinin startaplar, innovasiya ekosisteminin iştirakçıları və biznes strukturları nəzərdə tutulub. Xatırladıram ki, Süni İntellekt Akademiyası da Aİ Lab tərəfindən yaradılır.
AzİnTelecom-un Superkompüter Mərkəzinin tarifləri də hələ müəyyənləşdirilməyib, lakin bu məsələ ötən gün İRİA-da keçirilən görüşdə xüsusi müzakirə mövzusu olub və bununla bağlı təkliflərimizi təqdim etmişik.
Xatırladıram ki bu yaxınlarda Prezident tərəfindən təsdiqlənən süni intellekt Strategiyasında infrastrukturun inkişafı üçün belə superkompüter mərkəzinin yaradılması nəzərdə tutulmuşdu .
Strategiyanın qəbulundan dərhal sonra cavabdeh qurumlar tərəfindən real işlərin görülməsi diqqət cəlb edəndir və təqdirəlayiqdir.
Dövlət qurumları üçün süni intellekt layihələrinin xarici resurslarda saxlanılması müəyyən risklər yaradır. Özəllər, startaplar üçün də GPU əsaslı süni intellekt modellərin xarici resurslarda yetləşməsi xeyli xərclər tələb edir.
Bu baxımdan, düşünürəm ki, hər iki mərkəzin şəffaf, açıq və rəqabətqabiliyyətli olması, həm dövlət, həm də özəl sektor üçün əlçatan tariflərlə xidmət göstərməsi süni intellekt ekosisteminin inkişafına mühüm töhfə verəcək. Ümid edirəm bu mərkəzlərin təqdim etdiyi xidmətlərin tarifləri əlçatan olacaq”, – deyə o vurğulayıb.
JASMİN
Xəbəri paylaş