16 Dekabr 2025 / 11:35

“Məktəbə nazirliyin tövsiyə etmədiyi kitablar gətirilir…”” – Bəs nazirlik hara baxır?!

Elm və təhsil naziri  Emin Əmrullayev  ibtidai sinif şagirdlərinin kitablarının ağır olması fikri ilə razılaşmayıb. Nazir müsahibəsində  “Mənim birinci sinif kitablarım indiki birinci sinif uşaqlarının kitablarından daha ağır idi” deyib. 

Tezadlar.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində bildirib. Sitat: “…Gedib arxivdən kitabları götürüb müqayisə də edə bilərsiniz. Hazırda kitablar iki yarımilə bölünür. Dərslər də demək olar eynidir. Çantanın ağırlığını zaman oxuna qoysaq, ya eyni olub, ya da zamanında bunu media kifayət qədər gündəmə gətirə bilməyib. Bu bizim məsələyə münasibətimizdən asılıdır. Təbii ki, çantaların ağırlığı problemi var, bunu da danmaq olmaz. Mən düşünmürəm ki, bu təhsilin məzmunu ilə bağlıdır. Həmçinin çantalar məcmundan əlavə, evlərdən qoyulan yüklə də əlaqəlidir. Təəssüf ki, bir çox siniflərimizdə Elm və Təhsil Nazirliyinin tövsiyə etmədiyi və ya dərs proqramının bir hissəsi olmayan müxtəlif vəsaitlər də məktəbə gətirilir. Bu da çantanı ağırlaşdırır” , -deyə nazir əlavə edib.

***

Əslində, narazılıq edənlər kitabın ağırlığından şikayətlənmir: söhbət ümumilikdə uşaqların hər gün daşımalı olduğu kitabların (bu gün onların arasına 30 il əvvəl tədris edilməyən fənlər də daxildir) çoxluğundan, testlərdən, dəftərdən əlavə tələb edilən “iş dəftər”lərindən gedir… Və məhz belə ağır çantaların nəticəsidir bu gün onurğa əyriliyi- kifoz, skolioz xəstəlikləri baş alıb gedir. Uşaqlar yaşa dolduqca, onurğa problemləri ilə üzləşirlər. Bunu düşünən ailələr çalışırlar ki, azyaşlı övladlarının məktəb çantalarını özləri daşısınlar. Yəni dərs yükü ilə yanaşı, çanta yükü (bəzi çantaların ağır olması da danılmazdır) də uşaqların məktəbdən bezməsinə, oxumaq istəyini zəiflətməsinə səbəb olmaqdadır.

O ki qaldı “Elm və Təhsil Nazirliyinin tövsiyə etmədiyi və ya dərs proqramının bir hissəsi olmayan müxtəlif vəsaitlər məktəbə gətirilir” məsələsinə, bu bir qədər inandırıcı gəlmir. Yəni nazirlik  məktəblərdə özü bu özbaşınalığa imkan verməməlidir. Əgər məktəblərdə bununla bağlı nəzarət etməli, yaxud “nazirliyin əmridir, əlavə vəsaitlərdən istifadə etmək olmaz” deyən vəzifəli şəxsin sözü həmin məktəblərdə eşidilmirsə, müəllimlər onun dediyinə əməl etmirsə, deməli, həmin şəxs yerində deyil. Və yaxud da,  ümumiyyətlə, həmin əlavə vəsaitlərin satılmasına göz yumulur…

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!