Ötən gün Paşinyan Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşması mühüm hadisə adlandırıb. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, baş naziri Nikol Paşinyan jurnalistlərə müsahibəsində belə deyib. Sitat “Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, biz imzalanma tarixi və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan XİN ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanatla çıxış edib. Onların öz ideyaları, bizim isə öz ideyalarımız var, güman edirəm ki, bu müzakirələr zamanı həmin ideyaları yaxınlaşdırmağa çalışacağıq. Razılaşdırılmayan son iki bənd üzrə razılıq əldə olunub. Bunlar beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan çəkinmək və sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsi ilə bağlı bəndlər idi. Onlar sülh sazişi qüvvəyə mindikdən sonra həyata keçirilməlidir. Bu şərtlər daxilində sazişin mətni Ermənistan üçün məqbuldur. Biz qərar verdik, çünki bunun kompromisli mətn olduğunu hesab edirik. Sülh sənədi də məhz belə olmalıdır”.
Xatırladırıq ki, “Azadlıq Radiosu”nun Ermənistan bürosu ötən gün sadə ermənilərin Azərbaycanla sülh sazişi bağlanmasına münasibətini öyrənib. Tezadlar.az bildirir ki, ermənilərin böyük əksəriyyəti müharibədən doyduqlarını, qonşularla, xüsusən də Azərbaycanla münasibətdə sülh şəraitində yaşamağı istədiklərini bildirirdilər. Bu mənada Paşinyana inandıqlarını və onu dəstəklədiklərini deyirdilər…
A.Məmmədli