“Paşinyanı hakimiyyətə gətirən qüvvələr var. ABŞ Paşinyanı məqsədyönlü şəkildə hakimiyyətə gətirib. Yəni Paşinyanın Amerika Birləşmiş Ştatlar qarşısında bir öhdəliyi var. Bu öhdəlik isə Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətməkdən ibarətdir. Bayden hakimiyyəti dövründə Paşinyan maksimum şəkildə bu siyasəti, öhdəliyi yerinə yetirirdi. İndi isə Trampın hakimiyyətə gəlməsi və Trampın verdiyi bəyanatlar dünyada yeni bir siyasi situasiya yaradıb. Bu həm Ukrayna münaqişəsində, həm də Yaxın Şərqdə özünü göstərməkdədir. Təbii ki, Ermənistanın fəaliyyəti ABŞ–Rusiya münasibətləri ilə bağlı olan bir məsələdir. Əgər ABŞ Rusiyaya düşmən kimi baxacaqsa və Rusiya ilə münasibətləri gərginləşdirəcəksə, o zaman Ermənistandan maksimum alət kimi istifadə edəcəkdir”. Politoloq Azad Məsiyev “Təzadlar”a açıqlamasında digər maraqlı məsələlərə aydınlıq gətirdi.
Onun sözlərinə görə,proses onu göstərir ki, Trampın bəyanatları da ABŞ-nin Rusiya ilə münasibətlərinin loyal olduğunu və bu münasibətləri yumşaltmaq istədiyini göstərir: “Bu baxımdan, Paşinyanın son vaxtlar manevr etməsi, üzünü Amerika Birləşmiş Ştatlardan Qərbə, yəni Avropaya çevirməsi müşahidə olunur. Ümumiyyətlə, ermənilər sabit və etibarlı müttəfiq deyillər, həmişə məqam düşəndə xəyanət edirlər. Bildiyiniz kimi, Ermənistan dövlətini formalaşdıran, inkişaf etdirən, qoruyan və himayə edən Rusiya olub. Ermənistan Rusiyanın imkanlarından istifadə edərək ərazisini böyüdüb, lakin indi Rusiyaya xəyanət edərək üzünü ABŞ-yə tutub. Amerika Birləşmiş Ştatlardan istədiyini əldə edə bilmədikdə isə onlara da xəyanət edərək üzünü Avropaya tutmaqdadır. Son vaxtlar Paşinyanın Fransaya səfər etməsi, Makronla isti münasibət qurması və açıq şəkildə Avropaya üz tutması onu göstərir ki, Ermənistan sabit bir dövlət deyil. Yəni, sürüşkən dövlətdir və Paşinyanın siyasəti stabilliyə xidmət etmir. Bu sürüşkən siyasət artıq özünü açıq şəkildə büruzə verməkdədir. Cənubi Qafqazda baş verən hadisələr, daha dəqiq desək, Ermənistanın, xüsusilə Paşinyanın apardığı siyasət erməni xalqının maraqlarına yox, onu idarə edən qüvvələrin maraqlarına uyğun şəkildə həyata keçirilir. Bu baxımdan, 2025-ci ildə Ermənistan-Azərbaycan arasında sülh sazişinin olacağına ümidlərim azdır”.