18 May 2026 / 12:33

Ermənistan həqiqətən geri çəkilir?-Paşinyanın sülh açıqlaması var:

Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya zamanı bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün hər hansı “qarant” institutuna ehtiyac görmür. Paşinyan qeyd edib ki, həmin məsələdə artıq eyni səhvləri təkrarlamaq niyyətində deyil. “Son nəticədə biz özümüzdən başqalarına qarşı istifadə edilməsinə yol verməməliyik. Eyni zamanda sonradan kənara atılmağımıza səbəb olan qüsurlu dairəni qırmalıyıq”, — deyə o vurğulayıb.

Nikol Paşinyan bunun mühüm tarixi və siyasi dəyişiklik olduğunu vurğulayıb. Bəs görəsən Baş nazir dediklərində nə dərəcədə səmimidir?

Politoloq Azad Məsiyev tezadlar.az-a açıqlamasında bildirib ki, Ermənistanın Baş naziri Paşinyanın bəyanatları ilə əməlləri arasında ciddi ziddiyyət var:

“O, hakimiyyətə gələndə “Qarabağ Ermənistandır, nöqtə” kimi aqressiv şüarlarla çıxış edirdi və uzun müddət Azərbaycana qarşı destruktiv siyasət yürüdüb. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın nümayiş etdirdiyi gücdən sonra Paşinyan reallığı qəbul etməyə məcbur qaldı. Lakin Ermənistan cəmiyyətində hələ də “böyük Ermənistan” xülyasının yaşadığı görünür. Əgər Paşinyan doğrudan da Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, ilk növbədə Ermənistan konstitusiyasında dəyişiklik edilməli, Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina olunmalıdır. Bunun üçün isə referendum keçirilməli və erməni cəmiyyəti qonşularla sülh şəraitində yaşamaq istəyini açıq ifadə etməlidir. Bununla yanaşı, Paşinyan bu illər ərzində üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirməyib. Xüsusilə, Zəngəzur dəhlizi məsələsində verilən vədlər icra olunmayıb. Ermənistan Naxçıvanla Azərbaycanın quru əlaqəsinin bərpası ilə bağlı öhdəliyini bu günədək həyata keçirməyib”.

Politoloq əlavə edib ki, digər tərəfdən isə Ermənistan sürətlə silahlanır: “Fransa və Hindistan-dan alınan silahlar, həyata keçirilən uzunmüddətli hərbi proqramlar və xarici hərbi əməkdaşlığın genişlənməsi sual yaradır: bu silahlanma kimə qarşı yönəlib? Nə Türkiyəyə, nə də İrana. Bu prosesin əsas hədəfinin Azərbaycana qarşı təzyiq mexanizmi yaratmaq olduğu aydındır.
Paşinyanın hazırkı sülh bəyanatlarının fonunda bu addımlar onun sözləri ilə praktiki siyasəti arasında fərqi ortaya qoyur. Ermənistanda qarşıdan gələn seçkilər də nəzərə alınarsa, bu cür çıxışların daha çox daxili auditoriyaya hesablandığı, reytinq artırmaq və hakimiyyətdə qalmaq məqsədi daşıdığı görünür. Habelə, Ermənistan daxilində radikal qüvvələr və diaspor strukturları hələ də Azərbaycan əleyhinə siyasətin formalaşmasında mühüm rol oynayır. Müxtəlif beynəlxalq platformalarda, o cümlədən Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycana qarşı qərarların qəbulunda erməni lobbi qruplarının fəallığı müşahidə olunub.
Bütün bunları nəzərə alaraq, Paşinyanın səsləndirdiyi müsbət bəyanatlara ehtiyatla yanaşmaq lazımdır. Ermənistan yalnız real gücü qəbul edir. Azərbaycan güclü dövlət kimi mövqeyini qoruduğu üçün İrəvan bu cür ritorikaya üstünlük verir. Ona görə də Azərbaycan öz siyasi və hərbi mövqeyini daha da möhkəmləndirməli, bölgədə yaranan reallığı daim nəzərə almalıdır”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!