29 Aprel 2026 / 15:44

Şahin Mustafayevin Ermənistana səfəri sülh prosesinə nə vəd edir?-ŞƏRH

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib. 

Bəs bu qarşılıqlı əlaqələr, səfərlər sülh prosesinə hansı töhvələr verə bilər? Tezadlar.aza açıqlama verən politoloq Azad Məsiyev qeyd edib ki Ermənistan–Azərbaycan arasında sülh sazişinin mətni artıq razılaşdırılıb:

“Razılaşma təbii olaraq iki dövlət arasında münasibətlərin inkişafı üçün müxtəlif dövlət qurumlarının müntəzəm görüşlərini zəruri edir və bu proses artıq davam edir.

Hazırda sərhədlərin müəyyən olunması və dəqiqləşdirilməsi istiqamətində işlər aparılır. Eyni zamanda Azərbaycanın dörd kəndinin Ermənistan ərazisində qalması məsələsi gündəmdədir və bu ərazilərin geri qaytarılması üçün dövlət nümayəndələri və rəsmilər arasında mütəmadi görüşlərin keçirilməsi vacibdir.
Digər mühüm istiqamətlərdən biri nəqliyyat infrastrukturunun açılmasıdır. Azərbaycanla Ermənistan arasında yük daşımalarının həyata keçirilməsi, o cümlədən yük vaqonlarının hərəkətinə icazə verilməsi, eləcə də yanacaq və benzin satışı kimi iqtisadi əlaqələrin formalaşması müşahidə olunur. Bu isə dövlətlərarası münasibətlərin inkişafına töhfə verən amillərdəndir.

Bununla yanaşı, Azərbaycanın Naxçıvanla əlaqəsinin bərpası məsələsi də prioritet olaraq qalır. Ermənistan tərəfi sözügedən istiqamətdə müəyyən açıqlamalar verərək mövqe nümayiş etdirir. Nəqliyyat yollarının açılması ilə bağlı danışıqların davam etdirilməsi və həmin istiqamətdə dövlət başçıları, nümayəndə heyətləri və rəsmilər arasında müntəzəm görüşlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Şahin Mustafayevin Ermənistana səfəri də məhz qeyd olunan problemlərin həlli və münasibətlərin inkişafı məqsədi daşıyır. Bu cür səfərlər gələcəkdə prosesin davamlılığını təmin etmək üçün sənədləşmə işlərinin aparılmasına zəmin yaradır. Əsas məsələlərdən biri də Ermənistan–Azərbaycan münasibətlərinin gələcək konturlarının indidən müəyyənləşdirilməsidir. Ermənistanda keçiriləcək seçkilərdən sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, dövlətlərarası münasibətlərin davamlılığı təmin edilməlidir. Hakimiyyət dəyişikliyi bu münasibətlərə mənfi təsir göstərməməlidir. Bu baxımdan əldə olunan razılaşmaların indidən hüquqi sənədlərlə təsbit edilməsi vacibdir. Şahin Mustafayevin Ermənistana səfəri həm də sülh sazişinin reallaşması üçün Ermənistan cəmiyyətində müəyyən ictimai rəyin formalaşmasına xidmət edə bilər. Bu, iki ölkə arasında iqtisadi və siyasi münasibətlərin normallaşmasına yönəlmiş mühüm addımlardan biridir”.

Politoloq əlavə edib ki, xüsusilə sərhədlərin müəyyənləşdirilməsi və delimitasiya prosesi xüsusi önəm daşıyır:

“Həmin istiqamətdə atılan addımlar ümumi sülh prosesinin əsas sütunlarından hesab olunur. Ümumilikdə, belə səfərlərin intensiv xarakter alması vacibdir. Artıq qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər arasında qarşılıqlı səfərlər həyata keçirilib. Dövlət nümayəndələrinin də bu prosesdə fəal iştirakı ümumi sülh və əməkdaşlıq mühitinin formalaşmasına müsbət təsir göstərə bilər”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!