Daxili qoşunlar Silahlı Qüvvələrin tərkib hissəsi sayılsa da, ehtiyata buraxılandan sonra onlara mənzillər verilmir.
Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
Deputat həmçinin qeyd edib ki, Konstitusiyanın 75-ci maddəsinin 3-cü hissəsi ilə bağlı bir məsələyə toxunmaq istəyir: “Hesab edirəm ki, qanunda bu maddəni də qeyd etməliyik. Yəni ölkədə fövqəladə, hərbi, səfərbərlik vəziyyəti elan olunubsa, ictimai asayişi təmin etmək üçün daxili qoşunlardan istifadə olunsun. Bu maddə yeni qanuna əlavə edilsin. Məsələn, daxildə hansısa iğtişaşlar baş verərsə, Daxili İşlər Nazirliyinin tərkibində çevik polis alayı kifayət etməsə, daxili qoşunlara səlahiyyət verilsin”.
Daxili Qoşunların komandanı Şahin Məmmədov isə bildirib ki, Nazirlər Kabineti müddətdən artıq xidmət edən hərbi qulluqçularla bağlı bağlaşma şərtlərini müəyyən edib və onun bu qanunda əksini tapmasına ehtiyac yoxdur: “Sözsüz ki, bağlaşma ilə bağlı müraciət edən hərbi qulluqçu müqaviləyə imza atır, bu müqavilələrə də imzanı mən atıram. Gələcəkdə o müqavilənin müddətinin uzadılmasını istəmirsə, mənim onu məcburi saxlamağa səlahiyyətim yoxdur”.
apa







