18 Dekabr 2025 / 17:55

“Fırıldaqçılıq əməliyyatlarının qarşısının alınmasında ilk addımlar banklar tərəfindən atılmalıdır”

Azərbaycan Mərkəzi Bankının açıqladığı ən son statistikaya əsasən, 2025-ci ilin I yarısında ödəniş kartları ilə baş verən fırıldaqçılıq əməliyyatlarının həcmi 1 milyon 391 min manat olub. Bunun 775 min manatı ölkədaxili, 616 min manatı isə ölkəxarici fırıldaqçılıq əməliyyatlarının payına düşüb.  Statistikadan məlum olur ki, bu ilin I rübünə nisbətən II rübdə kartlarla ölkədaxili fırıldaqçılıq əməliyyatlarının həcmi 20,2% azalaraq 344,083 min manat təşkil edib. Əksinə, II rübdə  kartlarla ölkəxarici fırıldaqçılıq əməliyyatlarının həcmi 2,3 dəfə artıb və 430,104 min manat olub.

Tezadlar.az  xəbər verir ki, bu artıma təsir edən amillər və vətəndaşların kiberhücumlardan qorunmaq yolları ilə bağlı vergiler.az-ın suallarını Azərbaycan Banklar Assosiasiyasının “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə” Ekspert Qrupunun üzvü Seymur Eyvazlı cavablandırıb:

– Seymur müəllim, bu ilin I rübü ilə müqayisədə II rübdə ölkədaxili rəqəmsal fırıldaqçılıq əməliyyatlarının sayı və həcmi azalıb. Buna hansı amillər təsir edib?

– Ümumilikdə baxdıqda, bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə həm maliyyə təşkilatları – banklar, ödəniş xidmətləri göstərən şirkətlər və s., həm Azərbaycan Mərkəzi Bankı, həm də Daxili İşlər Nazirliyi tərəfindən bir sıra tədbirlər görülməkdədir. Xüsusilə Mərkəzi Bank və DİN bu məsələdə maliyyə təşkilatları ilə daim əlaqədədir. Digər tərəfdən isə maliyyə təşkilatları bu tipli əməliyyatların qarşısını almaq üçün göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir və nəticədə qeyd edilən azalmaya nail olunub.

– Bankların rəqəmsal infrastukturunun hazırkı vəziyyətini necə qiymətləndirmək olar?

– Aydındır ki, fırıldaqçılıq əməliyyatlarının qarşısının alınmasında ilk addımlar banklar, ödəniş təşkilatları və digər maliyyə təşkilatları tərəfindən atılmalıdır. Bu səbəbdən, maliyyə təşkilatları öz infrastrukturlarında bir sıra müvafiq düzəlişlər, dəyişikliklər həyata keçirməkdədirlər.

– Mərkəzi Bankın hesabatında ölkəxarici fırıldaqçılıq əməliyyatlarının artdığını görürük. Sizcə, bunun səbəbi nədir?

– Ölkəxarici fırıldaqçılıq əməliyyatlarında daha çox fişinq növü üstünlük təşkil edir. Buna səbəb isə müxtəlif saxta veb səhifələr, kampaniyalar, lotereyalar və s. vasitəsilə vətəndaşların kart məlumatlarını ələ keçirərək sonradan fərqli məqsədlərlə istifadə edilməsidir. Ona görə də kart sahibləri belə hallarda çox diqqətli olmalıdırlar.

– Bəs bu tipli əməliyyatların qarşısını necə almaq olar?

– Belə halların aşkarlanması və qarşısının alınması, eyni zamanda əhalinin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir. Vətəndaşların isə daha diqqətli olmaları – əmin olmadıqları veb səhifələrdən istifadə etməməli, informasiyanın düzgünlüyünü yoxlamadan kart məlumatlarını paylaşmamaları, yalnız rəsmi mənbələrdən gələn elanlara üstünlük vermələri vacibdir.

– Kiberhücumlardan, fırıldaqçılardan qorunmaqla bağlı vətəndaşlara nə tövsiyə edərdiniz?

– Əvvəlki sualı cavablayarkən bu məsələyə müəyyən qədər toxundum. Əlavə olaraq bildirim ki, birdəfəlik şifrə ilə təsdiqlənən əməliyyatlarla bağlı müştərilərə ödənişlərin geri qaytarılması, demək olar ki, mümkün deyil. Bu səbəbdən, müştərilərə birdəfəlik şifrə göndərilən məlumatlandırmalarda məbləği, ödəniş olunan ticarət məntəqəsini diqqətlə nəzərdən keçirməyi tövsiyə edirik.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!