Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Aprel 2026 / 16:39

Futbolumuz 11 Elvin yetişdirə bilər, amma 2 Qurban kimi məşqçi yetişdirə bilməz!

…15 yaşından peşəkar idmanla məşğuldur. Azərbaycan, SSRİ, Rusiya çempionatlarında, ölkə Premyer Liqasında oynayıb, iki klubda baş məşqçi olub. Futbolumuzun “peraşki dövrünü” də görüb, pullu dövrünü də. Futbolçu kimi də, məşqçi kimi də hər zaman üzdə olub, populyar olub. 2008-cu ildən “Qarabağ”ın sükanı arxasındadır və azərbaycanlı məşqçilərin çoxunun nail ola bilmədiyi uğurlara imza atıb. Onun rəhbərliyi ilə “Qarabağ” 9 dəfə Avropa Liqası, 2 dəfə Çempionlar Liqası, 2 dəfə isə Konfrans Liqasının qrup mərhələsində oynayıb. Son 30 ildə Cənubi Qafqaz klubları arasında ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsində pley-offa yüksəlib.
Zəhmətkeşdir, sadədir, inanclıdır, ağıllıdır, ədəblidir. Sağlığına qismət, zəhmətinin bəhrəsini də alır. Amma bugünədək onun yekəxanalıq etdiyini kimsə görübmü? Bir dəfə olimpiya çempionu, Avropa, dünya birincisi olan idmançılarımızın çoxu 5 ildən sonra sönüb, idmanı atıb, başqa sahələrə keçiblər, biznesmen, məmur olublar. Elə futbolçularımızı götürək. Parlayanların hansı biri zirvədə yerini qoruya bildi? Heç biri. Adam 18 ildir usanmadan çalışır, başqaları kimi uğurdan başı gicəllənmir, daim öz üzərində işləyir. Azərbaycan futboluna da çox xidmətlər verib. İndi onun etiqadı niyə müzakirə olunmalıdır? Biz bir zamanlar futbolumuzun flaqmanı “Neftçi”nin əfsanələri olmuş Banişevskini, Ponormaryovu, Jidkovu sevirdik, heç onların inancı yadımıza düşmürdü.
Kəsəsi, cəmiyyətə fayda verən adamların qədrini bilməli, lüzumsuz sözlərlə qəlbini qırmamalıyıq. Qurban ölkədən getsə, itirən o olmayacaq, biz olacağıq. Futbolu olmayan ölkədə məşqçi yetişdirmək asandırmı? Son 35 ilin təcrübəsi göstərir ki, Azərbaycan futbolu 11 Elvin kimi oyunçu yetişdirə bilər, amma 2 Qurban kimi məşqçi yetişdirə bilməz.
Elman Cəfərli,
Jurnalist
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!