24 Aprel 2026 / 20:30

Gianluca Prestianni 6 oyunluq diskvalifikasiya aldı

Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Canluka Prestianni UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real”ın (İspaniya) hücumçusu Vinisius Juniora qarşı homofob xarakterli təhqirə yol verdiyi üçün cəzalandırılıb.

Tezadlar.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun Etika və İntizam Müfəttişinin araşdırmasından sonra oyunçuya qarşı intizam işi açılıb.

Nəticədə UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı C.Prestianniyə klub və ya milli komanda səviyyəsində keçirilən 6 rəsmi matçda iştirak qadağası qoyub. Cəzanın 3 oyunu qərar qəbul edildiyi tarixdən etibarən iki il müddətinə sınaq müddəti kimi müəyyənləşdirilib. Diskvalifikasiya müddətinə fevralın 25-də keçirilən cavab qarşılaşmasında çəkilən bir oyunluq cəza da daxil edilib.

Bundan əlavə, UEFA qeyd olunan cəzanın dünya miqyasında tətbiq edilməsi üçün FIFA-ya müraciət edib.

Qeyd edək ki, fevralın 17-də keçirilən ilk görüş Madrid klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!