Dünya ermənilərin Qarabağdakı hərbi cinayətlərini dəqiqliklə görür, duyur və qiymətləndirir. Tezadlar.az bildirir ki, bu gün “Xocalı faciəsi ilə hər şeyi bildiyimi düşünürdüm, ta ki Xocalı sakini ilə söhbət edənədək…”, -deyən gürcü tarixçi və araşdırmaçı Badri Naçkebia Tbilisidə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbirində bu barədə danışıb. Sitat: “Xocalı faciəsi dinc əhaliyə qarşı törədilmiş klassik soyqırımı nümunəsidir. Bu faciəni postsovet ölkələrində baş verən digər faciələrdən əsas fərqi odur ki, baş verən digər münaqişələr zamanı uşaqlara qarşı bu cür məqsədyönlü vəhşilik törədilməmişdi. Bu qətliamı törədən cinayətkarların beynəlxalq ictimaiyyət qarşısında cəzalandırılması, onların beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi yalnız azərbaycanlıların deyil, hər kəsin öhdəliyidir ki, bənzər hadisələr bir də təkrarlanmasın”.
Gürcü tarixçi Simon Kopadze də deyib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsi dövründə intiqam addımları atmaması olduqca təqdirəlayiq hal idi. Sitat: “Bütün bunlar insanlığa qarşı misli görünməmiş hadisələr idi. Xoşbəxtlikdən 2023-cü ildən Xocalı artıq azaddır. Vətən müharibəsi zamanı Azərbaycan dinc əhaliyə qarşı intiqam addımı atmadı, bir nəfər də olsa, dinc Ermənistan vətəndaşı öldürülmədi. Azərbaycanın bütün bu addımları, öz ərazilərini işğaldan azad etməsi həm ölkənin, həm də regionun inkişafı üçün vacib idi. Bu cür faciələrlə Gürcüstan da üzləşib. Biz ötən əsrin sonlarında Qarabağda Xocalıda, Abxaziyada Qaqrada vəhşiliklərin şahidi olduq. Mən həm Xocalı, həm Abxaziya canilərinin məsuliyyətə cəlb olunacağına əminəm”.
Beləliklə, ermənilərin rus ordusunun silahlarına və rəsmi Kremlin havadarlığına güvənərək uzun onilliklər Qarabağda özlərinə separatçı yuvası qurmasını artıq dünya siyasiləri də başa düşür, bu torpağın ermənilərə heç bir halda aidiyyətinin olmadığını qəbul edirlər.
A.Məmmədli