Gürcüstan və Ermənistan prezidentləri İrəvanda görüşüb və…

Oxunma sayı: 412

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ermənistana rəsmi səfəri çərçivəsində Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüş keçirib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, görüş İrəvandakı Prezident sarayında baş tutub. Bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb. Təkbətək formatda keçirilən görüş zamanı tərəflər Gürcüstan və Ermənistan arasında mövcud dostluq münasibətləri, ikitərəfli əməkdaşlığın genişləndirilməsi və tərəfdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Mixeil Kavelaşvili görüş zamanı Ermənistanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Prezident Xaçaturyana təşəkkür edib. Həmçinin iki ölkə liderləri regional sülh və sabitlik məsələlərinə də toxunublar. Kavelaşvili bildirib ki, Tbilisidə Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçirilən üçtərəfli görüş Cənubi Qafqazda dialoq və əməkdaşlığın inkişafına dəstək verdiyini göstərir. O, bu formatın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Görüşdən sonra Gürcüstan və Ermənistan prezidentləri birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıblar.

Xəbəri paylaş

23 May