Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Dekabr 2025 / 17:42

“Hacıqabulda yeni açılacaq klinikaya yüksək maaşla işçilər axtarılır” – Bir elanın izi ilə…

…İnsan oğlunun yaşaması üçün mütləq mənada hər hansı bir sahədə çalışmasının vacibliyini və hər gün minlərlə şəxsin  (həm də iş yerini itirənlərin) ixtisasına uyğun iş axtarışına çıxmasını nəzərə alsaq, bundan faydalanmağa çalışan dələduzların da sayı artmaqdadır.

Onlar müxtəlif  peşələr üzrə iş elanları tərtib edir, bəzən sosial şəbəkələr, bəzən telefonlar vasitəsilə yayımlayırlar. Belə elanlar  telefondan – telefona ötürülür və onun da öz “alıcıları” tapılır. “Satıcılar” isə yüksək maaş, stabil iş qrafiki ilə iş axtaranları çox zaman şirnikləndirərək bu “tələ”yə sala bilirlər.  Onlar tək fəaliyyət göstərmir, köməkçilər əsasən sosial şəbəkə, xüsusən – “WhatsApp” vasitəsilə əlaqə saxlayır və qarşı tərəflə yazılı şəkildə təmas qururlar,  inandırmağa çalışırlar. Əvvəl, yaşayış yeri, ad və soyadı, fotoşəkli, varsa diplomun surəti istənilir. Əmin olduqdan sonra isə “bazarlıq” başlanılır.

***

Ötən gün redaksiyamıza daxil olan oxucu məktubu vasitəsilə daha bir “iş verən”lə tanış olduq. Oxucu iş elanı barədə araşdırma aparmağımızı istəyirdi. Həmin şəxs bildirir ki, bu elandan keçmiş iş yoldaşları vasitəsilə xəbərdar olub. Bir qrup tibb işçisi iş yerini itirdiyinə görə bu elan onlar üçün göydəndüşmə imiş… Həmin elanda (fotosurəti təqdim edilir)  yazılanları olduğu kimi dərc edirik:

“15.01.2016-cı il tarixdə Hacıqabul rayonunda açılan Həyat Ginekologiya Mərkəzinə 12 tibb bacısı, 4 qeydiyyatçı, 2 kassir, 2 nəzarətçi, 6 xəstə baxıcısı, 6 xadimə və 1 katibə tələb olunur. Maaş yüksəkdir. WhatsApp əlaqə (0505419771)”.

Oxucu bildirir ki, daha sonra ondan 30 manat istənilib. Həmin məbləğin karta köçürülməsindən və çekin surətinin onlara göndərilməsindən sonra mütləq işlə təmin olunacağı bildirilib (Bütün yazışmanın da surəti redaksiyaya göndərilib).

Qeyd edək ki, məsələni araşdırmaq üçün əvvəlcə zəng edib Hacıqabul rayon Mərkəzi Xəstəxanasında çalışan bəzi tibb işçiləri ilə əlaqə saxladıq. Onlar xəstəxananın ətrafında klinika kimi istifadə oluna biləcək hər hansı boş bina, yaxud tibb ocağının  olmadığını, həmçinin heç bir tikintinin aparılmadığını bildirdilər. Tibb işçiləri, ümumiyyətlə belə bir klinikanın fəaliyyətə başlayacağı barədə məlumatsız olduqlarını açıqladılar.

***

Əməkdaşımız daha sonra “iş verən” həmin şəxsin telefon nömrəsi ilə əlaqə saxlayaraq məsələni araşdırdı. Təsadüfən həmin nömrənin sahibi – özünü Rəvan bəy kimi təqdim edən şəxs telefon zənginə cavab verdi… O, zəng edənlərlə, ancaq WhatsApp-la əlaqə saxlanıldığını bildirərək, həm də  iş elanında qeyd edilənləri təsdiqlədi… Sonra bildirdi ki, klinika 2026-cı ilin yanvarın 15-də istifadəyə veriləcək və daha ətraflı məlumat almaq üçün həmin  nömrənin WhatsApp-ı ilə “Gülçin” adlı xanımla əlaqə yaratmağın lazım olduğunu vurğuladı.

Əməkdaşımız həmin xanımla da Vatsap ilə yazılı şəkildə əlaqə saxladı. Həmin şəxsə klinikada uyğun gələn hər hansı bir işdə çalışmaq istədiyini bildirdi. O isə vatsap yazışması ilə bildirdi ki, tibb bacısı olaraq işə alınacaq və həftənin 5 günü səhər saat 10.00-dan axşam saat 18.00-a kimi iş saatı, həmçinin aylıq məvacibi 560 manat olacaq. Daha sonra əməkdaşımızdan qeydiyyat üçün ad və soyadını, ata adını, doğum tarixini, ailə vəziyyəti haqqında məlumatı, yaşadığı rayonun adını yazmağı, diplomunun fotosurətini və öz foto şəklini göndərməsini istəyib.

Qeyd edək ki, oxucu “Gülçin”lə yazışmasını bizə göndərdiyi üçün, yazışmanı davam etməməyə qərar verdik. Çünki həmin yazışmada fakt göz önündə idi: “iş” müqabilində ilkin olaraq 30 manat pul köçürülməsi tələb edilirdi.

Yazışmalardan kiçik bir qismini təqdim edirik:

Y.Məmmədli

P.S. Hər gün belə iş elanları ilə aldadılan insanların başına gələn acı faktları nəzərə alaraq, biz də vətəndaşları ayıq-sayıq olmağa çağırırq və daha geniş araşdırmanı hüquq-mühafizə orqanlarından gözləyirik.

 

 

 

 

 

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!