Əsas məzmuna keç

HƏFTƏBECƏR- Elza Seyidcahan Türkiyə Yazıçılar Birliyinin də üzvü oldu!

 

“Sevimli səhər” verilişində, üçü birində, bəstəkar, müğənni, şairə və hər üçündən alayarımçıq olan Elza Seyidcahan bəyan edib ki, o Türkiyədə Yazarlar Birliyinin üzvü olub. Bu barədə Elza xanım belə deyib: ”Xalqımız fəxr edə bilər ki, onların qadın şairi artıq Türkiyə Yazarlar birliyinin üzvüdür”.

P.S.Heyranına şükür ya rəbbim! İnanan daşa dönsün. Belə çıxır ki, bu gündən sonra Türkiyə prezidenti R.T.Ərdoğan, Türkiyədə Yazarlar Birliyinin üzvü olmayan B.Vahabzadədən, Məmməd Arazdan, ANAR-dan, Çingiz Abdullayevdən… yox, daha Elza Seyidcahanın şeirlərindən sitat gətirəcək. Bu, bir. İkincisi isə, türklər doğru addım atıblar. Nöşün ki, türk qardaşlarımız həmişə deyirlər ki, Azərbaycanın ağrısı ağrımız, sevinci sevincimizdir. Türk qardaşlarımız yaxın tarixdə gördülər ki, Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv olanda, xalqımız nə qədər ağrı çəkdi, əsəb keçirdi, nə qədər stress yaşadı. Ona görə də Elza Seyidcahanı Türkiyə Yazarlar Birliyinə, yəni bizim dildə-Yazıçılar Birliynə üzv elədilər ki, ağrımızı, dərdimizi, yaşadığımız stresi qardaş kimi bölüşsünlər… Allah axırını xeyir eləsin!

***

Bu günlərdə  Ermənistan Parlamentində “Tramp marşurutu”nun (TRİPP), yəni Zəngəzur dəhlizi lahiyyəsinin təsdiqlənməsi İranı qarın ağrısına salıb. Belə ki, İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti baş nazir Nikol Paşinyanı bu qərara görə tənqid edərək deyib: “Tramp marşurutu”nun parlamentdə ratifikasiyası nəticəsiz olacaq və Ermınistan xalqının maraqlarına ziddir”.

P.S. Belə yerdə deyiblər e, Allah ağıl versin. Deyəsən, ABŞ-ın və İsrailin atdığı raketlər Vilayətinin ağlını başından çıxarıb. Belə olmasaydı, dərk edərdi ki, başqa dövlətin hər hansı qərarı səni niyə qarın ağrısına salır? Nəyin Ermənistan xalqının ziddinə olub-olmadığını həmin dövlətin rəhbərləri bilər. Sən kimsən ki, başqa dövlətin daxili işlərinə qarışırsan? “Tramp marşurutu”nun təsdiqlənməsi Naxçıvanla quru yolun açılması deməkdir. Cənab Vilayəti, Zəngəzur dəhlizinin açılması səni niyə bu qədər yandırır? Bəli, o yol açılacaq, sizlər də yana-yana qalacaqsınız….

***

Xəbər verilir ki, Ermənistandakı Azərbaycanın tarixi-mədəni irsimiz olan Göy məscidin iclas zalına erməni şairi Yegişe Gerentsin adı verilib. Hələ deyirlər ki, erməni şairin məsciddə büstü də qoyulacaq.

P.S. Görəsən, İranın molla rejimi niyə yaxasını cırmır ki, ay aman qoymayın, Göy məscidin iclas zalına xristian erməni şairinin adının verilməsi müsəlman dünyasına və məscidə təhqirdir. Deməzlər! Nöşün ki, qardaşdırlar axı, necə desin? Bu, bir. İkincisi isə, burada təəccüblü heç nə yoxdur. Çünki 30 il işğal dövründə ermənilər məscidlərimizdə donuz saxlayırdılar. İndi də İrəvandakı Göy məscidin iclas zalında başqa bir donuzun büstünü saxlayacaqlar. Burada qəribə nə var ki?

***

 Maqazin saytlarının birinə verdiyi müsahibədə xalq artisti Aygün Kazımova paltarlarından danışarkən belə deyib: ”Geyimlərim həmişə özümdə qalır. Paltarımı nə hədiyyə edirəm, nə də satıram. Satmaq mənlik deyil…”.

P.S. Aygün xanımın yaşadığı bu 54 ildə xalqımıza etdiyi ən böyük yaxşılıq, geyimlərini kimsəyə hədiyyə etməməsi və satmamasıdır. Nöşün ki, Aygün xanımın paltarını hər hansı qız, qadın geyinsə, dərhal dönüb olacaq Aygün Kazımova kimi çılpaq və bütün bədən əzaları çöldə qalacaq. Sonra da “özümə yaraşan kişi yoxdur” mahnısını oxuya-oxuya başlayacaqlar kişiləri bir-bir yoxlamağa… Bir də onda ayılacaqlar ki, “n” qədər kişiləri dişlərinı vurublar, amma “özümə yaraşan kişi yoxdur” mahnısını hələ də oxuyurlar. Bunu da Aygün xanım yaxşı bilir ki, bu qədər kişilərin arasında kişisiz qalmaq nə deməkdir? Məhz buna görə də öz paltarlarını heç kimə hədiyyə etmir və heç kimə də satmır. Halal olsun, mən ölüm!!!

***

Deyirlər 2027-ci ildən kəndlinin saxladığı toyuğun yumurtası və sağdığı inəyin südü hesaba alınacaq və vergiyə cəlb olunacaq…

P.S. Mən başa düşə bilmirəm, şəhərdəki “dinmə ver” prinsipi ilə yığılan milyonlarla manat cərimələr, parklamalara ödənişlər… azlıq edir ki, indi də kəndlinin yumurtasını, südünü sayırsınız? Tutaq ki, kəndlinin toyuğu yumurtadan kəsilib və fiziki toyuq kimi yumurta istehsalını dayandırıb. Bəs onda necə olacaq? Toyuğun yerinə kəndli özü yumurtlamalıdır? Qaldı sağılan inəyin südünü hesablamağa, bu da absurddur. Axı onsuz da kənd sakinlərinin pay torpaqlarını, örüş yerlərini zəbt edən bəzi məmurlar kəndliləri elə inək kimi sağırlar dəəə… Daha yazıq kəndlinin dilsiz, ağızsız heyvanları, toyuqları ilə nə işiniz var?

***

Müğənni Nigar Şabanova sosial şəbəkədə etdiyi paylaşımında, müğənni qadınlar arasında dostluq münasibətlərinə dair fikirlərini bölüşərək belə deyib: ”Qızlar, hər üzünüzə gülüb, özünü can yandırırmış kimi göstərən qızları dost sanmayın. Qadının ən böyük düşməni elə qadındır”.

P.S. Nigar xanım, icazə ver, səninlə razılaşmayım. Müğənni qadınlar arasında dostluğun olmaması faktdır. Hamısı bir-birinin paxıllığını çəkir. Amma qadının ən böyük düşməni qadın yox, şou əhli xanımlardır. Nöşün ki, şou əhli xanımların cinsini, dini-imanını elm hələ müəyyən edə bilməyib. Ona görə də abır-həyanın nə olduğunu belə bilmirlər. Azərbaycan qızlarının mənəviyyatına şou əhli xanımların vurduğu zərbəni, heç bir düşmən vura bilməz. Ona görə də şou əhli xanımlar Azərbaycan qızlarının, qadınlarının ən böyük düşmənidirlər…

***

 Məlumatlara görə, Gürcüstana 2026-cı ilin yanvar-sentyabr aylarında 6 milyondan çox turist gəlib. Həmin dövr üçün qonşu dövlətin turizmdən gəlirləri 3,8 milyard dollara yaxınlaşıb. 2026-cı ilin yanvar-sentyabr aylarında isə Azərbaycana gələn turistlərin sayı 2 milyon 831,8 min nəfər olub. Bu turistlərdən gələn gəlir isə 1 milyard 873 milyon 318,2 min manat olub.

P.S.Deməli, qonşu Gürcüstan dövləti turizmdən, bizim pulla 9 ayda 8 milyard manata yaxın qazanc götürür. Bizimkilərin isə turizmdən gələn qazancı 2 milyard manata yaxın olub. Yəni, qazanc gürcülərdən 4 dəfə azdır. Bəs niyə? Niyəsi çox olsa da, mən ən əsasını deyirəm. Bizim ölkəmizə gələn turisti, 1-ci aeroportdan şəhərə onu gətirən taksi sürücüsü soyur. Elə sürücü var turisti şəhərə 50 dollara gətirir… Sonra o bədbəxt turisti oteldə hər şeyi 5 qat qiymətinə sırımaqla, qaz kimi yolurlar. Şəhərin və ya bölgələrin İstirahət Mərkəzlərinin ətrafında yerləşən restoranlarında turistlərə verilən yeməklərin əl yandıran qiymətinə yanı balalı bir inək almaq olar. Sonra da deyirik, Gürcüstana gələn turistlər niyə dövlət büdcəsinı 8 milyard manat, bizə gələn turistlər isə 2 milyard manat xeyir verir. Nə qədər ki, süni qiymət artımlarının qarşısı alınmayıb, bizə gələn turistlərin sayı getdikcə azalacaq.

***

Müğənni Nadir Qfarzadə “Ulduzla danış” proqramında kasıb olduğu günlərdən danışarkən belə deyib: ”O qədər yavan çörək, alma çörək yemişəm. Elə qəşəng olur. İmkanım olmayıb deyə yemişəm. Bu gün kürü də yeyirəm, amma həmin ləzzət yoxdur…».

P.S. Ay alma yanaqlı, maral gözlü Nadir Qafarzadə, yavan çörək, alma-çörək yediyin günlər nə yaxşı yadına düşüb? Sən bu gün kürü yeməyindən danışırsan. Hansı ki, milyonlarla insan o kürünün rənginin necə olduğunu belə bilmir. Sən bir vaxt o harın xarakterinlə keçmişdəki ac günlərini unutduğundan, öz soyuducunla professorun soyuducunu müqayisə edirdin ki, sənin soyuducun ərzaqla doludur, professorunku isə boşdur. Gör sən bir manıs kimi özünü nə qədər buraxmısan,  özünü necə yüksəkdə hesab edirsən ki, alın təri və beyninin məhsulu ilə aldığı az maaşa görə professorları təhqir edirsən. Amma pandemiya dövründə toylar olmadığından evindəki soyuducun boş olduğunu göstərib ağlaş qurmuşdun. Nədi, kürü yeyirsən deyə daha yavan çörək, alma-çörək yemək istəmirdin? İnsan olan kəs 5-10 manat görəndə keçmişini unutmaz.

ELÇİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…