Azad edilən ərazilərdə bəzən inşaat işlərində ciddi çatışmazlıqlar müşahidə olunur. Ağdamın Xıdırlı kəndində inşaat şirkəti ciddi nöqsanlara yol verib. Bəzi mütəxəssislər dövlətin ayırdığı vəsaitin tikintiyə rəhbərlik və nəzarət edən şəxslər tərəfindən mənimsənilməsi barədə fikirlər səsləndirirlər.
Tezadlar.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında bildirib.
O vurğulayıb ki, bu çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün tədbirlər görmək lazımdır.
“Konkret Xıdırlı kəndindəki xoşagəlməz halla gəlincə isə, kəndin layihəsini təsdiqləyənlər, tenderi keçirənlər, tikintiyə nəzarət edənlər, tikinti başa çatandan sonra evləri və infrastrukturu istismara qəbul edənlər, tikintinin keyfiyyətinə texniki nəzarəti həyata keçirən mühəndislər, tikintini həyata keçirən vəzifəli şəxslər və s. məsuliyyət daşıyır. Onlar kəndin yağış suyunu daşıyan kollektorun olmamasına və digər məsələlərə aydınlıq gətirməlidir.
Böyük ehtimalla bu işlərdə cinayət tərkibi ola bilər, bir neçə vəzifəlinin əlbir olaraq dövlət vəsaitlərini mənimsəməsi də mümkündür. Aidiyyəti qurumlar genişmiqyaslı hüquqi araşdırma aparmalıdır ki, gələcəkdə belə xoşagəlməz hallar təkrar olmasın. Hər küçədən keçən tender qazanıb inşaata rəhbərlik edə bilməz”, – deyə o qeyd edib.
JASMİN

