Təhsil sistemimizdə illərdir gözlədiyimiz ən əsaslı və ən dürüst islahat nəhayət ki, gündəmə gəldi. Elm və Təhsil naziri Emin Əmrullayevin təqdim etdiyi daimi və rəqabətli müəllim modeli təkcə yeni qayda deyil – bu, müəllimlik peşəsinin nüfuzunun bərpa olunması deməkdir.
İlk dəfədir ki, təhsilin rəhbəri problemi sadəcə görmür, onu kökündən dəyişmək üçün real mexanizm təqdim edir. İlk dəfədir ki, müəllimin əməyinə verilən dəyər sözlə yox, struktur islahatla ifadə olunur.
TEZADLAR.AZ xəbər verir ki, bunu tanınmış təhsil eksperti Kamran Əsədov sosial media hesabında bildirib.
O qeyd edib ki, yeni model müəllimi “saat yığan” yox, məktəbin daimi, peşəkar işçisi kimi görür: “Dərs yükü 18–24 saat olacaq, qalan vaxt isə metodiki hazırlıq, fərdi iş, layihələr və inkişaf fəaliyyətinə sərf ediləcək. Bu, dünyanın ən qabaqcıl təhsil sistemlərinin – Finlandiyanın, Estoniyanın, Sinqapurun – tətbiq etdiyi yanaşmadır.
Ən əsas yenilik odur ki, model könüllüdür, ədalətlidir və rəqabətə əsaslanır. Yalnız yüksək nəticə göstərən, sertifikasiyada yüksək bal toplamış müəllimlər bu sistemə daxil ola biləcəklər. Bu isə təhsildə keyfiyyət mədəniyyəti yaradır – bilik və zəhmət ödülləndirilir. Bu gün müəllimlərin maaşının aşağı olmasının əsas səbəbi məhz dərs yükünün azlığıdır. Hər dörd müəllimdən biri cəmi 13 saat dərs deyirsə, bu peşəkar və sosial rifah yarada bilməz. Yeni model bu problemi həll edir və müəllimlik peşəsini həm maddi, həm də mənəvi baxımdan həqiqətən cəlbedici edir.
Bir sözlə, uzun illərdir hamının danışdığı, amma heç kimin cəsarət etmədiyi islahat – müəllimin dəyərinin bərpası – nəhayət ki, həyata keçirilməyə başlayır. Bu islahat təkcə müəllimin rifahı deyil, təhsilin gələcəyidir – müəllim güclənirsə, təhsil də güclənir, təhsil güclənirsə, ölkə də güclənir”.
“Bu addım üçün təşəkkürlər, cənab nazir. Bu, təhsilimizin ən doğru istiqamətdə atılmış ən cəsarətli addımıdır”, – deyə təhsil eksperti təşəkkürünü bildirib.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, sertifkatlaşdırmaya yanaşmamız budur ki, müəllimlik saathesabı, yarımştat, hərdənbir məktəbə gəlib dərs demək işindən daimi iş rejiminə keçsin:
“Bunu istəyən müəllimlər üçün tətbiq ediləcək, heç kəs heç kəsi buna məcbur etməyəcək. Tamamilə rəqabətli, yüksək əməkhaqqısı olacaq və daimi ştatda olan müəllimin dərs yükü 18 saat olacaq. Yerdə qalan saat hissələrində isə təhsilə aid digər işlərlə məşğul olacaq. Hansı müəllim istəsə ki, yüksək əməkhaqqı ilə işləsin, onlar üçün tətbiq olunacaq. Yalnız bu müəllimlər sertifikasiyadan yüksək bal toplayanlar arasından seçiləcək. İstəməsələr, saathesabı sistemlə davam edə bilərlər”.
JASMİN

