...Bu il bir ölkə kimi müstəqilliyimizin bərpasının otuz iki ili tamam olur, amma nədənsə ölkəmizin banisi Məhəmməd Əmin Rəsulzadənin fundamental heykəli hələ də məmləkətin baş şəhəri Bakının ən görməli yerlərindən birində ucaldırmır.
Bir xalqın ürəyində yuva qurmuş insanı və onun xidmətlərini necə gizlətmək olar? Səhv etmirəmsə, İosif Stalinin belə bir deyimi var: “Zamanın küləkləri qəbrimin üstünü zibilxanaya çevirsə belə, bir vaxt gələcək ki, zibillikdən təmizləyib, gülüstana çevirəcək...”
Onsuz da nə zamansa Məhəmməd Əmin Rəsulzadənin heykəli Bakının mərkəzində ucaldılacaq. Niyə bunu indi etməməliyik? İnanıram ki, düşmənə qan uddurmağı bacaran, iki yüz əlli ildən çox qələbəyə həsrət qalan bir xalqa zəfər sevincini yaşadan müzəffər Ali Baş Komandan İlham Əliyev bu məsələyə tezliklə son qoyacaq. Axı cənab Prezidentimizin bir sərəncamı bəs edir ki, bu baş tutsun. Guya, bu ölkədə Məhəmməd Əmin Rəsulzadənin heykəli olsa nəyi dəyişəcək ki? Bunun bizim milli ideologiyamıza, dövlət siyasətimizə nə təsiri ola bilər? Əslində, xalq arasında dolaşan dedi-qodulara son qoyulmqla yanaşı, dövlət başçımıza məhəbbəti daha da artıracaq... Türkiyə mediasında və siyasi dairələrində bu barədə ən yüksək səviyyəli söhbətlərin şahidiyik. Amerika Birləşmiş Ştatlarına indiyədək 46 prezident rəhbərlik edib. Hər birinin adı hansısa şəhərə, qəsəbəyə, universitetə və s. yerlərə verilib. Hər birinin irili-xırdalı heykəli ucaldılıb.
***
Biz Ayaz Mütəllimovun, Əbülfəz Əliyevin hakimiyyətini bəyənsək- bəyənməsək də onların hər biri bu xalqın tarixində yer alıb. Niyə onların adlarını əbədiləşdirməkdən ötrü bu ölkədə nəsə olmamalıdır? Axı bütün bunların mövcudluğundan kimə nə ziyanı var?..
Bizim ölkə gənc olsa da normal, demokratik bir ölkədir. Ortada olan problemlər zaman-zaman öz həllini tapmaqdadır. Və həqiqətən də son illər böyük işlər görülüb. Doğrudur, hər bir ölkədə olduğu kimi, burada da hakimiyyətə gəlmək arzusunda olan narazı qüvvələr var. Amma sirr deyil ki, xalqın böyük əksəriyyəti bu adamlara inanmır, arxasıyca getmir. Müxtəlif mitinqlərdə, piketlərdə iştirak edən insanların səsləndirdiyi şüarlara fikir verəndə, onların böyük əksəriyyətinin siyasi deyil, sosial xarakter daşıdığının şahidi olursan. Adamlar yaşamaq üçün iş, uşaqpulu, sığortalı səhiyyə və s. tələblər irəli sürürlər. Bu kimi çağırışlar hər bir ölkədə olur, normal haldır. Və hamı bilir ki, bu problemlərin həlli yolunda xeyli işlər görülüb, görülməkdədir də…
Elə düşünməyin ki, dediklərimin arxasında hansısa siyasi maraqlar dayanır. Əsla elə deyil. Sadəcə, vətənini, xalqını, dövlətini sevən bir insan kimi Məhəmməd Əmin Rəsulzadənin 139-cu ildönümündə düşündüklərimi sizinlə bölüşmək istədim. Çünki Bakıda onun heykəlinin ucaldılmasına yetişmiş bir səbəb var. Axı gələn il Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi tamam olur. Səbəb deyilmi? Bir daha inanıram ki, Ali Baş Komandan İlham Əliyev Qarabağ probleminə son qoyduğu kimi, bu məsələdə narahatlıq doğuran yersiz söz-söhbətlərə də son qoyulacaq. Xətainin heykəli olsun, amma Məmməd Əminin heykəli olmasın, bu adama qəribə gəlir...
Elman Eldaroğlu
("Təzadlar"ın köşə yazarı)