Onun haqqında söhbətimə əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira xanım Məhərrəmlinin söylədikləri ilə başlamaq istəyirəm: “Yaxşı, gözəl dostlar sərvətdir, dəyərdir. Onun könlümüzə yatan, ovqatımızı təzələyən həzin, incə, kövrək şeirlərini sevirəm. Mənə doğma bacım qədər simsar olan bu xanımın poetik misraları onun elə öz həlim, duyğusal halətindən, köksünə darlıq edən hiss-həyəcanından doğulur…”
Deyirlər ki, üç qız övladını böyüdüb, boya-başa çatdıran, ev-eşik edən atanın yeri cənnətdir. Mənim qəhrəmanım isə qadındır, müzəffər ordumuzda xidmət edən üç zabitin anasıdır- iki oğul və bir qızın. Təkcə bu səbəb bəs edir ki, onun qarşısında baş əyəsən, ehtiram göstərəsən...
Azərbaycan ədəbiyyatının canlı əfsanələrindən biri, şair Seyran Səxavət isə onu belə dəyərləndirir: “Vətəni üç zabit balası qədər, üç zabit balasını da vətəni, torpağı, xalqı qədər sevən Nəzakət Məmmədlinin Milli Qəhrəmanlar haqqında çap etdirdiyi kitab çox qiymətlidir, alqışlanmalıdır və şəxsən öz adımdan ona "var olun, Nəzakət xanım!"- deyirəm. Nəzakət Məmmədlinin bu qəbildən olan xidmətləri haqqında uzun-uzadı danışmağım da, əslində yersizdir - çünki hər şey göz qabağındadır və bu vətən qeyrətli türk xanımına Allahdan və Torpaqdan güc-qüdrət diləmək keçir könlümdən. "Bakı-xəbər" qəzeti ilə birlikdə "Şəhidlər ölməz - Vətən bölünməz" layihəsinin adı hər şeyi anladır, necə deyərlər, görünən dağa nə bələdçi. Hətta tədbirlərin birində hamının son dərəcə təvazökar insan kimi tanıyıb qəbul etdiyi Nəzakət Məmmədlinin rəhbərlik etdiyi “Xatirə Kitabı”nın ən qiymətli ensiklopedik vətənpərvərlik abidəsi olduğunu deyildiyinin şahidi olmuşam. Vətənsevən, torpaqsevən, övladsevən insan belə də olmalıdır. Onun bircə yolu var: belə olmaq - Nəzakət Məmmədli kimi olmaq - Nəzakət Məmmədli olmaq...”
Haqqında söhbət açdığım Nəzakət xanım Məmmədli Bakıda anadan olub. Atası Salah kişi əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindən idi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, “Xatirə Kitabı” redaksiyasının və “Yada düşdü” ədəbi-bədii jurnalının baş redaktorudur. 2014-cü ildə Prezident mükafatına, 2016-cı ildə Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatlara layiq görülüb. “Həzi Aslanov yubiley medalı”, Rusiya Federasiyasının “Qələbə-75” medalı və Moskvanın “Dostoynaya pamyat” Fondu tərəfindən “Qələbənin varisi” döş nişanı ilə təltif olunub. Haqqında Allahverdi Eminovun “Nəzakət Məmmədlinin Yaradıcılıq Yolu” və Hikimət Məlikzadənin “Nəzakət Məmmədovanın yaradıcılığında Vətən Kodları” kitabları işıq üzü görüb. O, həm də Vətən müharibəsi şəhidləri haqqında ”Vətən Daşı... və ya 44 günün dastanı” film layihəsinin və bir neçə kitabın müəllifidir...
Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, ədəbiyyatşünas, publisist, yazıçı və tərcüməçi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev də ona müraciətlə yazıb:
“Hörmətli Nəzakət xanım! Yadınızda varsa, dərginizin 5 illiyi münasibətilə "Hər sayını intizarla gözlədiyim dərgi" başlıqlı məqalə yazmışdım. Aradan illər keçib və bu gün də "Yada düşdü"nün hər sayını intizarla gözləyirəm. Nədir bu dərginin məziyyətləri? Kökə qayıdış! Görkəmli rus alimi M.Baxtinin doğru olaraq qeyd etdiyi kimi,- hər zaman irəliyə doğru atılan hər bir əhəmiyyətli addım geriyə qayıdışla müşayiət olunur. Daha doğrusu, başlanğıcın (mənşənin) yeniləşməsinə gətirib çıxarır. Yalnız yaddaş irəliyə doğru gedə bilər, unutqanlıq yox. Yaddaş kökə qayıdır və onu yeniləyir. Heç şübhəsiz, sovet sisteminin amansızlığı dövründə Səməd Vurğunun üstüörtülü şəkildə dilə gətirdiyi misralar da kökə qayıdışla, yaddaşla bağlıdır:
Sabaha çağırır o bizi, ancaq
Sabah da bugünsüz, dünənsiz deyil.
Nəzakət xanım, dərginizin hər sayında bunu dərindən dərk edirəm və "Yada düşdü"nü yüksək qiymətləndirirəm...”
Qeyri adi xanımdır. Anadangəlmə təşkilatçı və realistdir. Məqsədyönlülük, məsuliyyət, təcrübə və ciddilik onun üçün xarakterik xüsusiyyətlərdəndir. Ən çətin layihələri həyata keçirməkdə mahirdir. Heç vaxt emosialara qapılmır, təmkinlidir. Necə deyərlər, hadisələri soyuq başla dəyərləndirir. Eyni zamanda mərhəmətli, əliaçıq və səxavətlidir. Gözəl anadır, övladlarının uğurlarından qürur hissi keçirir...
“Bəlkə də mən, ayaq üstə olmağımda, bütün çətinliklərdən keçməyimdə, gördüyüm işlərdə bacarığımı üzə çıxarmağımda övladlarımdan daha çox güc-qüvvət almışam. Demək olar ki, mən onlarla paralel böyümüşəm. Çünki erkən ana olmuşam, uşaqlarım böyüdükcə onlardan aldığım zövqdən elə bilmişəm öz uşaqlığımı, gəncliyimi onlarla paralel yaşayıram. Analıq ən təmənnasız sevgi ilə yaşanan bir duyğudur ki, övladına çəkdiyin zəhmətin, əziyyətin, yuxusuz gecələrin içində heç bir təmanna yoxdur. Bağban əkdiyi ağacın barından necə ləzzət alırsa, ananın da öz övladının uğurlarından aldığı həzz ona bənzəyir. Övladlarım da çox sag olsunlar, təməlini qoyduğum ailənin ibtidaisindən heç zaman məni yanıltmadılar, necə istədim o cür böyüdülər. Jurnalım da o cür, o da mənim üçün bir övladdır…”- söyləyir.
Nizam-intizamı xoşlayır, məsuliyyətli xanımdır. İşində daha ciddi və sərtdir. Təcrübəsindən, səriştəsindən, istedadından maksimum istifadə etməyi bacarır. Onun üçün keçmişdə yaşamaq mənasız və sadəcə vaxt itgisidir. Odur ki, həmişə gələcəyə can atır. Zəhmətkeşlik, əzmkarlıq, inadla hədəfə çatmaq onun həyat kredosudur. Etibarlı və çox sadiqdir. Heç vaxt dostunu, yoldaşını çətin vəziyyətdə qoymaz. Necə deyərlər, nə qədər problemi olsa da, özünü ona çatdırar. İncə yumor hissi və güclü təfəkkürü ilə seçilir. İdarəetməni gözəl bilir, liderlik bacarığı yüksək səviyyədədir...
Deyir ki,- “İnsan ömrü yalnız düz xətlərdən ibarət deyil, həyatın hər cür xətti var. İnanın ki, həyatın həm ağ, həm də qara xəttindən, illərin sınağından, çətinliklərdən keçmək və ayaq üstə durmaq çox çətindir, hamıya qismət olan şey deyil. Amma mən ayaqüstə durmağı bacardım. “Yada düşdü” jurnalı mənim ailə büdcəmdən maliyyələşir. Yəni başqa yerdən vəsait daxil olmur. Nə qədər ziyan dəysə də, jurnalı yaşadıram, heç bir qüvvə “Yada düşdü”nü mənim ürəyimdən çıxara bilməz. Maraqlıdır ki, “Yada düşdü” sevgisi təbii olaraq ürəyimə düşdüyü kimi, onu oxuculara, ədəbi ictimaiyyətə sevdirmək, qəbul etdirmək də zorla olmadı, çox tezliklə özünə yol açdı. Etiraf edirəm ki, “Yada düşdü” məni xoşbəxt etdi. Bu 62 illik ömrümdə dönüb arxaya baxdıqda, çox zəngin, mənalı bir həyat yolu keçdiyimi görürəm və bu jurnalın uğurlarına görə çox sevinirəm, özümü xoşbəxt və şanslı insan sanıram. Bir dəfə Bəxtiyar Qaraca mənə dedi ki,- Nəzakət xanım, çox təvazökarlıq edirsiz, əslində sizin Azərbaycan ədəbiyyatında öz yeriniz var, o yeri də heç kəs sizə təklif etməyib, o yeri siz özünüz qazanmısınız. Bəli, gəlib bu yaşa çatmaq elə də asan olmadı. Yurd itkisi yaşadıq. Mən qarabağlı deyiləm, amma yurd itkisinin nə olduğunu çox yaxşı bilirəm. Babam Ərdəbildən gəlib, mən yurd həsrətini babamın atama söylədiklərində, atamın göz yaşlarında görmüşəm. Yurd həsrəti, nisgili mənim canıma-qanıma hopub. Mənim şeirlərimi oxuyanlar, eləcə də, hər dəfə müsahibə zamanı jurnalistlər soruşurlar ki, siz haralısınız, qarabağlısınızmı? Şeirlərinizdəki bu qədər vətənpərvərlik, nisgil, Qarabağ ağrısı, yurd ayrılığı nədəndir? Cavab verirəm ki,- Bu ağrı, bu nisgil mənə qanla ötürülüb...”
Deyirlər, insan valideynlərini itirəndən sonra dünyanın fani olduğuna daha çox inanır. Atası vəfat edəndə yeddi, anası dünyasını dəyişəndə isə onun iyirmi yeddi yaşı olub. O vaxtdan da bu dünyanın iç üzünü tanıyıb və təsəllini yazıb yaratmaqda, Vətənə xidmətdə tapıb.
Bəli, haqqında söhbət açdığım Nəzakət xanım Məmmədlinin Azərbaycan qarşısında həm bir ana, həm də qələm adamı kimi xidmətləri böyükdür. O, ehtirama, diqqətə layiqdir...
Yanvarın 13-ü Nəzakət xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...
Elman Eldaroğlu
Pin It

Tezadlar Arxiv

İDMAN