Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Xızı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başladı.

Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Gənclər Fondunun icraçı direktorunun müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və region gəncləri iştirak edib. 

Açılış tədbirində gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra çıxış edən rəsmi nümayəndələr müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində Azərbaycan gənclərinin artıq qalib xalqın nümayəndələri kimi böyüyəcəkləri, bunun böyük mənəvi və psixoloji mənasının olduğunu xüsusilə vurğulayaraq, ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, gənclər üçün yaradılan imkanlar barədə danışıb və gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər. 

Diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. 

Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Tədbir daha öncə açılışı olmuş nümayəndəliklərin fəaliyyətindən əyləncəli videoların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib. 

Xızı gəncləri həmçinin, “Gənc Könüllü”, təcrübəçi və üzvlük proqramına qoşulmağa dəvət ediliblər.

Bununla da, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 46-ya çatıb. Bu il ərzində ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılması nəzərdə tutulur.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər