16 Aprel 2026 / 23:48

İran ABŞ-ın Hörmüz boğazını blokada etmək cəhdinə belə reaksiya verdi

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın Hörmüz boğazını blokada etmək cəhdinin açıq-aşkar təcavüz aktı və qanunsuzluq olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, İrəvani aprelin7-də BMT Təhlükəsizlik Şurası tərəfindən Hörmüz boğazında naviqasiya azadlığı ilə bağlı qətnaməyə veto qoyulmasını müzakirə etmək üçün toplaşan BMT Baş Assambleyasında çıxış edib.

BMT Təhlükəsizlik Şurasının səsverməsində Hörmüz boğazı ilə bağlı qətnaməyə Rusiya və Çinin veto qoyması ilə bağlı şərh verən İrəvani, qətnamənin 28 fevralda ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumları görməzdən gəldiyini qeyd edərək, bunun “haqlı və zəruri” olduğunu söyləyib.

“Bu mətnin qəbul edilməsi təhlükəli bir presedent yaradacaq, sahil dövlətlərinin suveren hüquqlarını sarsıdacaq, BMT Nizamnaməsini zəiflədə və eskalasiya (müharibə) riskini artırardı”, – İrəvani bildirib.

İran beynəlxalq hüquqa uyğun olaraq Hörmüz boğazından hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq üçün tədbirlər gördüyünü iddia edərək, ABŞ-ın Hörmüz boğazında dəniz blokadası tətbiq etmək cəhdini də qanunsuz adlandırıb.

İrəvani bildirib ki, “ABŞ tərəfindən elan edilən dəniz blokadası İranın suverenliyinin və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdır. Bu, BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən açıq-aşkar təcavüz aktıdır”.

ABŞ-ın bu blokadanın bütün nəticələrinə, o cümlədən regional və beynəlxalq sülhə və təhlükəsizliyə təsirinə görə tam məsuliyyət daşımasını tələb edən İrəvani Hörmüz boğazında və regionda davamlı sabitliyin yalnız təcavüzə son qoyulması və İranın qanuni hüquq və maraqlarına tam hörmətlə yanaşılması yolu ilə əldə edilə biləcəyini qeyd edib.

İrəvani həmçinin bölgədəki müharibəyə son qoymaq üçün bütün diplomatik səyləri dəstəklədiyini ifadə edərək, Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının, eləcə də Çin və Rusiyanın bu mövzuda səylərini alqışladıqlarını qeyd edib.

“ABŞ-ın diplomatiyaya dəfələrlə xəyanət etməsindən qaynaqlanan dərin etimadsızlığımıza baxmayaraq, biz danışıqlara vicdanla girmişik və ehtiyatla nikbinik”, – deyə İrəvani bölgədə təcavüzdən azad, ədalətli və davamlı bir sülhün bərqərar edilməsinin vacibliyini vurğulayıb.

“Biz inanırıq ki, ABŞ rasional və konstruktiv yanaşma tətbiq edərsə və beynəlxalq hüququ pozan tələblər irəli sürməkdən çəkinərsə, bu danışıqlar mənalı bir nəticəyə gələ bilər”, – İrəvani əlavə edib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!