7 May 2026 / 23:23

İran Hörmüzdə keçidin bərpa olunmasının şərtlərini açıqladı- SON DƏQİQƏ

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş katibinə, BMT Təhlükəsizlik Şurasının sədrinə və quruma üzv ölkələrə ünvanladığı məktubda, ABŞ və Bəhreynin BMT TŞ-yə təqdim etdiyi qətnamə layihəsinə cavab olaraq bildirib ki, Hörmüz boğazında normal keçid müharibənin daimi dayandırılması, eləcə də İran əleyhinə qanunsuz blokada və sanksiyaların aradan qaldırılması şərti ilə bərpa olunacaq. İranın rəsmi İRNA agentliyinin xəbərinə görə, Əraqçi məktubunda ABŞ və Bəhreynin Hörmüz boğazı ilə bağlı birgə qətnamə layihəsini birtərəfli və natamam sənəd adlandırıb. O, bölgədə mövcud böhranın əsas səbəbinin ABŞ və İsrailin İrana qarşı hərbi hücumları və qanunsuz addımları olduğunu vurğulayıb. Məktubda qeyd olunub ki, sözügedən layihə, təcavüz faktlarını, dəniz mühasirəsini və İran gəmilərinin saxlanılmasını nəzərə almadan ABŞ-ın hərəkətlərinə bəraət qazandırmağa və reallığı təhrif etməyi hədəfləyir. Əraqçi onu da qeyd edib ki, belə bir qətnamənin qəbul edilməsi BMT Təhlükəsizlik Şurasının nüfuzunu zəiflədəcək və ABŞ-ın birtərəfli addımlarının legitimləşdirilməsi üçün təhlükəli presedent yaradacaq. Onun sözlərinə görə, sabitliyə aparan yol vəziyyəti daha da mürəkkəbləşdirmək üçün TŞ-dən istifadə etməkdən yox ABŞ-ın beynəlxalq hüquqa riayət etməsindən keçir.

Tramp isə İranın hər hansı şərtinin eşidilməz olduğunu bildirib.

Beləliklə, Hörmüz ətrafında gərginlik davam edir.

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!