Böyük Britaniya, Almaniya və Fransa BMT-nin İslam Respublikasına qarşı sanksiyalarını yeniləyəcək mexanizmi işə salsa, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıra bilər.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.
Onun aydınlaşdırdığına görə, İran Avropa ölkələrinə açıq şəkildə bildirib ki, mexanizm işə düşərsə, cavab addımları atılacaq. “Belə bir addım atıldığı təqdirdə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə bütün əməkdaşlıq və qarşılıqlı fəaliyyət tamamilə təhlükə altına düşəcək və effektiv şəkildə dayandırılacaq”, – Qəribabadi qeyd edib.
Bundan əvvəl Vaşinqton “Avropa üçlüyü” ölkələri ilə birlikdə nüvə sazişinin bağlanması üçün avqustun sonunun son tarix olacağı barədə razılığa gəlib. Danışıqlar prosesinin nəticə vermədiyi üzə çıxarsa, o zaman BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını yeniləməli olan snapback mexanizminin işə salınması planlaşdırılır.
Avqustun 26-da Türkiyə və İranın ABŞ-la kəsilən danışıqları müzakirə etdiyi məlum olub. Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Tehranın Vaşinqtonun və digər ölkələrin hərəkətləri müharibəyə səbəb olmasa, onunla danışıqları bərpa etməyə hazır olduğunu bəyan etmişdi.
E.ŞİRİNOV

