İspaniya Nazirlər Şurası Roma Papası Fransiskin vəfatı ilə əlaqədar üç günlük matəm elan etmək qərarına gəlib.
Tezadlar.az xəbər verir ki, bu qərarı krallığın baş nazirinin aparat rəhbəri və ədliyyə naziri Feliks Bolayos elan edib.
“İspaniya hökuməti Papa Fransiskin vəfatı ilə əlaqədar üç günlük rəsmi matəm elan edəcək”, – deyib.
Bolanos vurğulayıb ki, Fransisin pontifikası Katolik Kilsəsinin yenilənməsinə və islahatına təkan verib, hansı ki, bu, tarixdə iz qoyacaq.
Bundan əvvəl Avropa Şurasının sədri Antonio Koşta Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib.
O xatırladıb ki, Fransisk pontifikliyi dövründə bəşəriyyətin iqlim dəyişikliyi, miqrasiya və bərabərsizlik kimi ciddi problemlərinə diqqət yetirib.
Qeyd edək ki, ötən gün, aprelin 21-də Papanın dünyasını dəyişdiyi məlum olub. Vatikanın Sağlamlıq və Gigiyena İdarəsinin rəhbəri Andrea Arkangelinin ictimaiyyətə verdiyi açıqlamaya görə, Papa Fransisk insultdan dünyasını dəyişib: Papa komaya düşdü və ürək-damar sistemi geri dönməz şəkildə çökdü.
Məlumata görə, Roma Papasının vəziyyəti aprelin 21-nə keçən gecə kəskin şəkildə pisləşib. Mənbələr səhər saat 6-dan sonra onlara “gözləmə rejimində olmaq” barədə xəbərdarlıq edən bir telefon zəngi edildiyini, lakin səbəb göstərilmədiyini söyləyib. Roma Papası saat 07:35-də dünyasını dəyişib.
Azərbaycan Prezidenti İlham Əliyev Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı məktubu ünvanlayıb:
“Zati-həzrətləri.
Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.
Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri həyat amalı bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdi.
Roma Papası Fransisk bütün həyat və fəaliyyətini ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, dinlərarası və mədəniyyətlərarası anlaşmanın və humanizm ideallarının təşviqinə həsr etmiş, insanlar arasında qarşılıqlı anlaşma, birlik və həmrəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan çalışmışdı. Dərin məzmunlu və şərəfli ömür yolu ilə örnək olan Roma Papası Fransisk bəşəri dəyərlərin fövqündə duran nəcib əməlləri, insanlara mərhəmət, şəfqət və mənəvi ucalığa çağırışları, xeyirxahlığı və fədakarlığı ilə bütün dünyada böyük rəğbət, dərin hörmət və ehtiram qazanmışdır.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Zati-müqəddəsləri Fransisk Həzrətlərinin misilsiz xidmətləri olmuşdur. Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratlarla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaqdır.
Bu ağır itkinin kədərini bölüşür, Sizə, Müqəddəs Taxt-Taca və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
JASMİN