Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müasir döyüş meydanlarında sürətlə artan dron sürüsü təhlükəsinə qarşı müdafiə sənayesində yeni nəsil həllərin hazırlanması davam edir.
Təzadlar.az xəbər verir ki , İsrailin texnologiya startapı “Esh-Tech” bu böyüyən təhlükəyə cavab vermək məqsədilə “DroneLight” adlandırdığı yeni lazer əsaslı hava hücumundan müdafiə sistemini təqdim edib. Ənənəvi hava hücumundan müdafiə sistemlərinin bahalı raketləri və məhdud sursat tutumu, çox sayda ucuz dronun eyni anda hücum etdiyi ssenarilərdə qeyri-effektiv ola bilir. “DroneLight” isə bu boşluğu doldurmağı hədəfləyir.
Bir çox lazer silahı hədəfi məhv etmək üçün şüanı bir neçə saniyə ərzində sabit saxlamaq məcburiyyətindədir. Lakin “DroneLight” bu məqamda fərqli bir iş prinsipi tətbiq edir. Sistem yaxınlaşan dronlara fokuslanmış lazer enerjisini sürətli impulslar (darbələr) şəklində atəşləyir. Hədəf vurulduqda, aparat tamamilə sıradan çıxana qədər əlavə impulslar göndərilməyə davam edir. Bu metod silahın bir hədəfdən digərinə çox sürətlə keçməsini təmin edir. Şirkətin məlumatlarına görə, sistem tək bir dronu cəmi 1-2 saniyə ərzində zərərsizləşdirə bilir və dəqiqədə 30-dan çox hədəfi məhv etmə gücünə malikdir.
“DroneLight” sisteminin ən diqqətçəkən xüsusiyyətlərindən biri də enerji səmərəliliyidir. Günümüzdə hazırlanan yüksək enerjili lazerlərdən fərqli olaraq, bu sistem yalnız 4 kilovat civarında bir gücə ehtiyac duyur. Enerji tələbatının aşağı olması, daha az dəstək avadanlığı tələb etdiyi üçün sistemin müxtəlif hərbi nəqliyyat vasitələrinə və mobil platformalara inteqrasiyasını asanlaşdırır. Qısa mənzilli hava hücumundan müdafiə üçün nəzərdə tutulan və 1 kilometrə qədər təsirli olan silah; radar, səs aşkarlama və optik sensorlarla əlaqə yaradaraq hədəfləri avtonom şəkildə müəyyən edib izləyə bilir.
Tırtıllı zirehli maşınlar üzərində sınaqları keçirilən sistem, cəbhə xəttindəki hərəkətli birliklər üçün həyati əhəmiyyətli müdafiə qalxanı yaratmaq potensialına malikdir. “Esh-Tech” rəsmiləri bildirirlər ki, sistemin yüksək güc, aşağı enerji sərfiyyatı və az xərc kombinasiyası təkcə strateji obyektlər üçün deyil, sahədə hərəkət edən qoşunlar üçün də genişmiqyaslı müdafiə şəbəkəsi qurmağı mümkün edir. İnkişaf etdirilmə prosesi sürətlə davam edən bu yeni nəsil müdafiə texnologiyasının 2026-cı ilin sentyabr ayında rəsmi olaraq istifadəyə verilməsi planlaşdırılır.