6 Yanvar 2026 / 13:55

“Kadrlarla bağlı məmur özbaşınalığına – buna daha dözülməz olmalıyıq, mən başda olmaqla” – Prezident

“Hər halda ümumi inkişafımız üçün bilirsiniz, hər bir insan, xüsusilə vəzifə sahibi ürəklə işləməlidir, xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına – buna daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq”.

Tezadlar.az  xəbər verir ki,  bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı  deyib.

“Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olubdur. Bax, dediyim xarici siyasətlə bağlı olan məsələlər hələ işlərin bir hissəsidir. İqtisadi inkişafla bağlı heç bir narahatlıq yoxdur. Ancaq etibar etdiyim kadrlar və bütün dövlət məmurları öz fəaliyyətini bu prinsiplər əsasında qurmalıdırlar. Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm? Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər. Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam da özünü çox gözlətməyəcək”, – deyə Prezident bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!