Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib.
Yeni yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 mədaxil əməliyyatı və aylıq 20 min manatadək mədaxil limiti müəyyənləşdirilib. Bununla yanaşı, yaxın qohumlar arasında köçürmələr, eləcə də risk profilinə uyğun əsaslandırılmış əməliyyatlar və zəruri sənədlər təqdim edildiyi hallarda bu məhdudiyyətlər tətbiq olunmayacaq.
Mövzu ilə bağlı “APA-Economics”ə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, burada məqsəd əgər vergidən yayınmanın qarşısını almaqdırsa, əvvəlcə insanların niyə vergidən yayınmağa çalışdığı araşdırılmalıdır: “Belə məhdudiyyətlərlə hansı məqsədə çatmağın hədəfləndiyini bu qərarı qəbul edənlər aydın izah edə bilmirlər. Qərarın nəyə görə verildiyini onların tərəfindən aydın şəkildə izah etmək mümkün deyil. Əgər məqsəd vergidən yayınmanın qarşısını almaqdırsa, ilk sual belə yaranır: insanlar niyə vergidən yayınmağa çalışırlar? Yəni vergilər yüksəkdir? Vergiləri aşağı salmaq lazımdır? Bəlkə də bu məsələni başqa təşviq mexanizmləri ilə həll etmək mümkün idi”.
Natiq Cəfərlinin fikrincə, kartdan-karta köçürmələrin məhdudlaşdırılması vətəndaşların yenidən nağd hesablaşmalara üstünlük verməsinə səbəb ola bilər.
“Əgər kartdan-karta pul köçürmək problemə çevriləcəksə, insanlar yenidən nağd pula üstünlük verəcəklər. Son illərə, xüsusilə də pandemiyadan sonra Azərbaycanda vətəndaşların banklara və bank kartlarına inamı artmışdı. Demək olar ki, böyük əksəriyyət nağd puldan imtina etmişdi. İndi bu əks effekt doğuracaq. Kartdan-karta pul köçürmək və bu üsulla ödəniş etmək mümkün olmayanda, nağd alış-veriş daha çox önəm qazanacaq və insanlar bank kartlarındakı vəsaitlərini daha çox nağdlaşdıracaqlar.
Yəni bu qərarı almaqla məqsəd vergidən yayınmanın qarşısını almaq idisə, təəssüf ki, bu qərar vergidən yayınmağın qarşısını almayacaq. Hətta əksinə, nağd pul dövriyyəsi artdıqca vergidən yayınma hallarının da artması ehtimalı yaranacaq”, – deyə Natiq Cəfərli vurğulayıb.