Kibersığorta bank kartlarındakı vəsaitləri də sığortalayacaqmı?

Oxunma sayı: 586

 Kibersığorta növü yerli bazarda hələ yeni məhsul olduğu üçün bu mərhələdə bank kartlarından vəsaitlərin çəkilməsi, yəni oğurlanması halı təminatlara daxil deyil.

TEZADLAR.AZ  xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov KİV-ə açıqlamasında bildirib.

“Ancaq burada üçüncü şəxslərə dəymiş zərərə təminat verilir, yəni bu sığorta xidmətinin bir məsuliyyət hissəsi də var. Məsələn, deyək ki, hüquqi şəxs hər hansı bir bankla partnyorluq edir, həmin bankın da təbii olaraq digər, yəni üçüncü şəxslər qarşısında öhdəlikləri var. Bu zaman bank kartlarından vəsaitin çəkilməsi yox, digər hallar baş verərsə, sığorta təminatı ödənilir.

Başqa bir misal çəkim. Tutaq ki, bir internet provayderi şirkəti bu xidmət vasitəsilə sığortalanıb və həmin provayderin internet verilişində problem yarandığı zaman hansısa sahibkar, təbii olaraq, onlayn satışını və ya reklamını həyata keçirə bilməyəcək. Belə olan halda, sahibkar üçün itkilər qaçılmazdır. Bu zaman müştəri həmin provayder şirkətə müraciət edir və provayder də bu sığorta növü ilə sığortalandığı üçün ona sığorta ödənişi edilir, o isə öz müştərisinin itkilərini rahatlıqla qarşılayır. Ümumiləşdirsək, bu sığorta xidməti həm birinci tərəflər üzrə, həm də üçüncü tərəflər qarşısında məsuliyyət risklərinə təminat verir”, – deyə o qeyd edib.

 

JASMİN

Xəbəri paylaş