Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bir qrup rəhbər şəxsi təşkilatda yaranmış vəziyyətlə bağlı birgə bəyanat yayıb.
Tezadlar.az xəbər verir ki, bəyanatda AKİ-nin İdarə Heyətinin 8 may 2026-cı il tarixli qərarı ilə Konfransın keçirilməsinin yekdilliklə təsdiqləndiyi, lakin həmin qərarın icra olunmadığı bildirilib.
Qeyd olunub ki, daha sonra ittifaqın 27 üzvünün iştirakı ilə saxta imzalar və həqiqətə uyğun olmayan məlumatlar əsasında bəyanat hazırlanıb:
“Azərbaycan Kinematoqrafçılar İttifaqının idarəçiliyində yaranmış vəziyyət, təşkilatın gələcək fəaliyyəti ciddi narahatlıq doğurur.
AKİ-nin İdarə Heyətinin 08 may 2026-cı il tarixli qərarı ilə Konfransın keçirilməsi yekdilliklə təsdiq edilmişdi. Buna baxmayaraq, həmin qərar icra olunmadan, İttifaqın 27 nəfərdən ibarət üzvünün iştirakilə saxta imzalar və yalan dolu bəyanat təşkil edilmiş və bu, təşkilat daxilində hüquqi qeyri-müəyyənlik yaratmış və konfransın işi Nizamnaməyə zidd olaraq qəsdən pozulmuşdur.
Hazırkı mərhələdə İttifaqın səlahiyyətli sədrinin olmaması şəraitində təşkilatın bütün qərarları yalnız Nizamnamənin və “İctimai birliklər haqqında” Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun qəbul edilməlidir. Əks halda, qəbul edilən qərarların legitimliyi gələcəkdə hüquqi mübahisələrə səbəb ola və İttifaqın nüfuzuna ciddi zərər vura bilər.
Məhz buna görə də hesab edirik ki, vəziyyətdən yeganə hüquqi çıxış yolu İdarə Heyətinin təcili iclasının çağırılması, Konfransın tarixinin qanunvericiliyə uyğun qaydada təsdiq edilməsi və təşkilatın yeni rəhbərliyinin demokratik seçkilər yolu ilə müəyyənləşdirilməsidir.
Şəxsi münasibətlərdən və fərdi mövqelərdən asılı olmayaraq, bütün üzvləri Azərbaycan Kinematoqrafçılar İttifaqının hüquqi legitimliyini, nüfuzunu və gələcəyini üstün tutmağa çağırırıq.
İnanırıq ki, yalnız qanunun aliliyinə, Nizamnaməyə və şəffaf idarəetmə prinsiplərinə əsaslanan qərarlar təşkilatın normal fəaliyyətini bərpa edə və kino ictimaiyyətində yaranmış gərginliyi aradan qaldıra bilər.
Həmidə Ömərova (Katib)
Oleq Səfərəliyev (Katib)
Əli İsa Cabbarov (İcraçı katib)
Nadir Bədəlov (Katib)
Tahir Tahiroviç (Katib)
Türkan Hüseyn (Katib)”.