KODLAŞMIŞ ADAMLAR
(Siruz Təbrizlinin lətifəsi)
Deyirlər, iki vəzifəli adam bir toyda yanbayan düşür. Birinci hər sağlığı içir, o biri sakitcə məclisi seyr edir. Və onların arasında gündəmə aydınlıq gətirən bir dialoq baş verir:
-Müəllim, siz içmirsiz?! Araq yaxşı araqdır, original “Kristal” dır…
-Bilirəm, burda hər şey, hətta qara, qırmızı kürü də originaldır… Amma mən 50-dən sonra arağı tərgitmişəm, daha içmirəm…
-Nə əcəb, axı, siz babat vururduz…
-Keçmiş ola, indi ağrıyıram, müəllim. Ürək narahat edir, gecələr tap-tup edir, qara ciyər də onun səsinə səs verir… Səhərə kimi yata bilmirəm…
-Özünüzü yorulmuş biləndə, qonşunu ölmüş bilin, müəllim. Mən də eləyəm, amma arağı tərgidə bilmirəm… Bəlkə mənə də bir yol göstərəsiz…
Bu zaman hay-küylü musiqi dayanır, sözü hörmətli qonaqlardan biri alır. “Yol göstərmək” üçün yaxşı fürsət yaranır…
-Deyərəm, amma ikmizin arasında qalsın…
İkinci bir moment tərəddüd edir, birinci səbrlə gözləyir… İkinci cibindən qələm çıxarır, salfetin üzərinə nə isə qaralayır, birinciyə verir.
-Bu ünvana gedin, mənim adımı verin. Sizi kodlaşdıracaqlar, içkini birdəfəlik tərgidəcəksiz…
Nə isə, birinci adam şənbə-bazara salır, ünvanı axtarır, Bakının “X” kəndində bir dəmirçi dükanı tapır. Maşından düşür, qapını astadan döyür, sakitcə içəri keçir. Görür hər yanda taxçalar, taxçalarda dəmir-dümür qablar. Bir yanda da dəmirçi ocağı, üstündə də bir zindan. Bir dombagöz, lopabığ, yekəpər kişi də durub zindanın qabağında, çəkic də əlində. Adam qanacaqla salam verir, onu göndərən tanışının adını deyir. Dəmirçi sakitcə çəkici yerə qoyur, “zapiska”nı alır, baxır. Qələm götürüb “zapiskanın arxasına nəsə yazır. Deyir, “bu məbləği ödəyin, arxa otağa keçin”. Sonra kağızı ocağa atır.
Adam sakitcə məbləği ödəyir, arxa otağa keçir. Görür bura səliqəli bir istirahət otağıdır, hətta divan-kreslo, şifoner də var. Bir şey kəsdirə bilmir, keçib kresloların birində əyləşir. Bu zaman dombagöz dəmirçi üzündə maska içəri girir və qapını bağlayıb qonağa hücum edir. Qonaq müqavimət göstərir, qışqırır, bahalı kostyum-şalvarı cırılır, amma iş işdən keçir. Bundan sonra onların arasında hadisəyə aydınlıq gətirən bir dialoq baş verir:
-Sən bilmirsən mən kiməm, mən şikayət edəcəyəm…
-Mən səni yaxşı tanıyıram, deyəsən, sən məni tanımırsan. Mən artıq səni kodlaşdırmışam. Sən heç yerə şikayət etməyəcəksən və sakitcə durub evinə gedəcəksən. Bir də nəinki spirtli içki, heç pivə də icməyəcəksən…
Dəmirçi qonağın təəccüblə baxdığını görüb əlavə edir:
-Başını qaldır, divarlara yaxşı-yaxşı bax, hər divarda bir video-kamera var. Sən şikayət etsən, ya da spirtli içki içsən, bu video-görüntülər internetə düşəcək… Tez ol, şifoneri aç, əyninə yarayan kostyumlardan birini geyin və burdan rədd ol. Nahardan sonradır, müştərilərin gələn vaxtıdır…
Qalib ARİF
P.S. Bu lətifəni mərhum İnformasiya naziri Siruz Təbrizli danışıb. Qəbulda o vaxtlar jurnalistin gözünə qələm soxan Zəngilanın İcra başçısı və nazirliyin mətbuat katibi Mütəllib (soyadını xatırlamıram) də iştirak edirdi…