Korrupsiya adi vətəndaşlar arasında deyil, dövlət qurumlarında yaranır – Təhlükəsizlik Komitəsinin rəhbəri

İndi şübhəli günahını etiraf etsə də, kompensasiya ödəsə və istintaqla əməkdaşlıq etsə belə, qanunla müəyyən edilmiş həbs cəzasının yarısını çəkməlidir.

Tezadlar.az   Qırğız KİV-nə istinadən xəbər verir ki, bu sözləri Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) rəhbəri Kamçıbek Taşiyev mediaya verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, korrupsiya büdcə vəsaitlərinin bölüşdürülməsi və istifadəsi zamanı yaranır.

“Son beş ili Özbəkistan və Tacikistanla sərhəd məsələlərinin həllinə həsr etmişik. 2024-cü ilin sonunda korrupsiyaya qarşı mübarizəni gücləndirdik. Çoxsaylı oğru və korrupsioner məmurları məsuliyyətə cəlb etdik və onların əmlakını dövlət nəfinə müsadirə etdik. Amma insanlar soruşmağa başladılar: “Niyə korrupsioner məmurları saxlayırsınız, amma bir müddət sonra yenidən azadlığa çıxırlar?” Bir hadisəni xatırlayıram: keçmiş baş naziri saxladıq. Hansısa tədbirdə bu adam təsadüfən yanımda dayanmışdı. Özümü çox narahat hiss etdim. Bəli, onun fabriklərini və zavodlarını dövlət üçün müsadirə etdik. Amma bu adam yanımda peyda olanda, tikə boğazımdan keçmədi. Bəli, biz onu saxladıq, amma o, cəriməni ödədi və azadlığa buraxıldı”, – deyə Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri bildirib.

O əlavə edib ki, belə insanlar kifayət qədərdir. Onlar saxlanılır, cəriməni ödəyir və azadlığa buraxılırlar.

“Azadlığa çıxdıqdan sonra isə yenə də köhnə əməllərinə qayıdırlar. Və buna görə də sərt tədbirlər görmək qərarına gəldik. Biz  bunu korrupsiyaya qarşı mübarizə üzrə əsas qanunlara düzəliş etməkdən başladıq. İndi şübhəli günahını etiraf etsə də, kompensasiya ödəsə və istintaqla əməkdaşlıq etsə belə, qanunla müəyyən edilmiş həbs cəzasının yarısını çəkməlidir. Korrupsiya hazırda 12 il həbs cəzası ilə cəzalandırılır, yəni o, mütləq altı il həbs cəzası çəkməlidir”, – deyə xüsusi xidmət orqanlarının rəhbəri qeyd edib.

O, korrupsioner məmurların qohumlarının dövlət vəzifələrini tuta bilməyəcəyi məsələsinə də aydınlıq gətirib:

“Qanunvericilikdəki dəyişikliklər 21 yanvar 2025-ci ildə qüvvəyə minib. Bu o deməkdir ki, bu tarixdən sonra korrupsiyada şübhəli bilinənlər daha sərt şərtlər altında məsuliyyətə cəlb olunacaqlar. Heç bir cinayətkar cəzadan qaçmayacaq və həbsxanaya düşəcək”.

 

JASMİN

 

Xəbəri paylaş