Bununla əlaqədar qəsəbə sakinləri aidiyyəti qurum rəhbərlərinə minnətdardırlar
Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakinləri uzun illərdir yol problemi ilə üzləşdiklərini bildirirlər.
Qəsəbə sakinlərinin sözlərinə görə, uzun müddətdir qəsəbənin Baloğlan Bağırov küçəsi ilə Xanlar küçəsini birləşdirən 1-ci döngədə yolun vəziyyəti ciddi problemlər yaradırdı, xüsusilə yağışlı havalarda yol keçilməz olurdu, uşaqlar məktəbə getməkdə, sakinlər gündəlik hərəkətdə çətinlik çəkirdilər.
Sakinlər problemin həlli ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə və Maştağa bələdiyyəsinə müraciət ediblər.
Müraciətə baxıldıqdan sonra qaldırılan məsələnin həlli istiqamətində müvafiq qurumlara konkret tapşırıqlar verilib.

Anar Adıgözəlov
Sakinlərin bildirdiyinə görə, hazırda sözügedən ərazidə asfaltlama işləri aparılır. Belə ki, qəsəbənin Baloğlan Bağırov küçəsi ilə Xanlar küçəsini birləşdirən 1-ci döngədə bərbad vəziyyətdə olan yol əsaslı təmir edilərək, 1.200 kvadratmetr sahəyə yeni asfalt örtüyü salınıb.
Bununla əlaqədar qəsəbə sakinləri rayon rəhbərliyinə, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlova, sədr müavini Mikayıl Məmmədova qəsəbə əhalisinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirlər: “Aparılan işlər sakinlərin təhlükəsizliyinə, rahatlığına və qəsəbənin ümumi görünüşünə müsbət təsir göstərir. Buna görə də rayon rəhbərliyinə və bələdiyyəyə qəsəbə əhalisi adından minnətdarlığımızı bildiririk və ümid edirik ki, qəsəbəmizin digər problemləri də mərhələli şəkildə öz həllini tapacaq”.
CEYHUN

