Məhkəmə Nahid Bağırovun ali təhsil diplomu ilə bağlı xüsusi araşdırma qərarı verdi

Oxunma sayı: 963

 Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası bu gün «Təzadlar» qəzeti redaksiyasının Dövlət İmtahan Mərkəzinin informasiya sorğusunu cavablandırmaması kimi qanunsuz hərəkətindən verilmiş apellyasiya şikayətinə baxdı.

Belə ki, iş üzrə Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 14 fevral 2025- ci il tarixli qanunsuz qərarından verilmiş apellyasiya şikayətinə dair iş materialları araşdırıldı. Məhkəmə kollegiyası, hakim Rəşid Səmədovun sədrliyi və hakim Şirazi Eldarzadənin iştirakı ilə, qəzetin apellyasiya şikayətini dinlədi. İddiaçı-«Təzadlar» qəzetinin baş redaktoru və təsisçisi Asif Mərzili apellyasiya şikayəti ilə bağlı qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi qanunsuz və əsassız olaraq informasiya sorğusunu cavablandırmaqdan imtina edərək araşdırma yazı hazırlayan jurnalistlərimizin peşə hüquqlarına mane olmaqla, onların qanunla müəyyən edilmiş hüquqlarını pozmaqdadır: «Hörmətli Məhkəmə Kollegiyası! Bildirirəm ki, 2020-ci ilin oktyabrın 8-də, müharibənin qızğın mərhələsində, qondarma «DQR»ı tanımaq üçün Avstraliya Parlamentində araşdırmalara başlanılmışdı. Mən Avropa Mətbuat Federasiyasının üzvü və Türkiyənin iki saytının köşə yazarı kimi  statusumdan istifadə edərək Avstraliya Parlamentinə informasiya sorğusu göndərdim və ermənilərin Qarabağa köçürülməsini sübut edən rəsmi tarixi sənədləri göndərdim. İki gün sonra Avstraliya Parlamentindən mənə qaneedici cavab verildi və o müzakirələr də birdəfəlik dayandırıldı. İndi burdan-bura DİM rəhbərliyi bir ildir ki, informasiya sorğumuzu cavablandırmır, çünki barəsində məlumat dəqiqləşdirilən, istənilməyən, İsmayıllının icra başçısıdır. DİM-dən verilən qanunsuz cavab məktubuna etiraz edərək Bakı İnzibati Məhkəməsinə şikayət verdik, təəssüflər olsun, Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov iddiaya baxılmasının mümkünsüzlüyü barədə absurd qərardad qəbul etmişdir. İndi həmin qərardaddan apellyasiya şikayəti vermişik. İnanırıq ki, Sizin kimi peşəkar hakim kollegiyası ədalətli qərar verəcək. Qısa olaraq bildirim ki, həm DİM-dən gələn cavabda, həm də Bakı İnzibati Məhkəməsinin qərardadında bildirilir ki, guya biz N.Bağırovun ailə sirrinə aid fərdi məlumatlarını tələb edirik. Bu yalandır. Nahid Bağırovun özü tərəfindən İsmayıllı RİH-nin rəsmi saytında yayımlanmış şəxsi məlumatında bildirir ki, o, Azərbaycan Beynəlxalq Universitetini 1999-cu ildə bitirib, ali təhsil diplomu alıb. Azərbaycan Nazirlər Kabinetinin məlumat bazasında isə yazılır: «Azərbaycan Beynəlxalq Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu almışdır. Universitet, həmçinin Ədliyyə Nazirliyinin 17 oktyabr 1997-ci il tarixli 15 saylı şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçmişdir. 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48–11–4058/16 nömrəli qərarı ilə ilk dəfə, 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə fəaliyyəti üçün yenidən lisenziya almışdır. Universitetdə bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutulmuşdur».  N.Bağırov RİH-nin rəsmi məlumat lövhəsində yazır: «Bağırov Nahid Rza oğlu: 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub, orta təhsilini Bakı şəhəri 242 və 151 saylı məktəblərdə alıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirmişdir». Göründüyü kimi, N.Bağırov 1997-ci ildə fəaliyyətə başlamış ABU-nu 2 ilə-1999-cu ildə bitirmişdir. Hansı ki, Nazirlər Kabinetinin və Ədliyyə Nazirliyinin qərarında ABU-da bakalavr təhsilin müddəti 4 il nəzərdə tutulmuşdur. Elə isə, şəxsə 2 ilə ali təhsil diplomu necə verilə bilərdi? Elə isə, gəlin bir sadə suala cavab tapaq: N.Bağırovun özü tərəfindən ictimailəşdirilmiş məlumatın təsdiqi üçün daha nə lazımdır? Adətən jurnalistlər məhkəməyə verilir ki, niyə qarşı tərəfi dinləməmisiniz, sorğu verib cavab almamısınız? İndi sorğu veririk, DİM cavab vermir. Biz daha nə etməliyik???».

Sonra DİM-in nümayəndəsi çıxış etdi, onun əsassız çıxışı «Təzadlar» qəzetinin nümayəndəsinin etirazına səbəb oldu. DİM nümayəndəsi yenə də bildirdi ki, guya redaksiyanın tələb etdiyi məlumat fərdi məlumatdır və s. Asif Mərzili isə etirazında dedi: «Möhtərəm Kollegiya! Nümayəndə yalan danışır, biz məlumat istəmirik, biz yayılmış-ictimailəşdirilmiş məlumatın təsdiqini istəyirik!».

Sonda Asif Mərzili məhkəmədən xahiş etdi: «Hörmətli məhkəmə, yuxarıda qeyd edilənləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq xahiş edirəm, «Təzadlar» qəzetinin Dövlət İmtahan Mərkəzinə qarşı “İnformasiya sorğusunun cavablandırılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin (İş № e-2-1(112)-5911/-2025) iddia tələbinin mükünsüzlüyü barədə qəbul etdiyi 14 fevral 2025-ci il tarixli qərardadı ləğv edilsin və iş materialları yenidən baxılması üçün ilkin baxış mərhələsinə qaytarılsın».

Məhkəmə Kollegiyası məsələnin mürəkkəbliyini nəzərə alaraq 10 dəqiqəlik fasilə elan etdi.

Az sonra məhkəmə zalına qayıdan məhkəmə kollegiyası qərarını elan etdi: «Məsələnin mürəkkəbliyi iş üzrə xüsusi araşdırma tələb etdiyindən məhkəmənin növbəti iclası 29 aprel 2025-ci il tarixə, saat 10:20-dək təxirə salınır».

Elbar Şirinov

Xəbəri paylaş

23 May