…Orta məktəblərin buraxılış imtahanlarının çətin və qəliz olmasından daim yazılıb, şikayətlənib. Bu dəfə axır ki, Dövlət İmtahan Mərkəzinin (DİM) direktoru Məleykə Abbaszadə özü dilə gəldi və bu qəlizləşmələrdən birinin, əslində, necə baş verdiyini açıqladı… Tezadlar.az M.Abbaszadənin “Azərbaycan müəllimi”nə açıqlamasından sitatı təqdim edir: “…2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə həvalə olundu. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparıldı. Buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili əsas fənlər idi. Üçüncü fənnin hansı olması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü. Həmin ildə təhsil naziri olan Mikayıl Cabbarovun təkidi ilə xarici dil buraxılış imtahanı fənlərinin siyahısına daxil edildi. Açığını desəm, üçüncü fənnin xarici dil olmasının əleyhinə idim. Zaman göstərdi ki, xarici dil fənninin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsi doğru qərar olub”.
Bəli, vaxtilə rusların dilinə kütləvi könül verdiyimiz zamanı görmüşük, indi də hamılıqla ingilisin dilinə könül verməkdəyik. Təbii ki, bütün dilləri bilmək yaxşı şeydir… Lakin bu elə olmalıdır ki, şagirdlər indidən bu yükə tab gətirə bilsin…
SƏBUHİ