14 Yanvar 2026 / 12:55

Məmməd Arazlı xatirələr: “Ömürdən yarpaqlar”-GÜLXANIM FƏTƏLİQIZI- 2-Cİ HİSSƏ

Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli dünənki buraxılışda)

1991

26 mart – Məmməd  Aslan  bildirdi ki, Məmməd haqqında yazdığı məqaləni  o qədər “yonublar”  ki, gülməli bir yazı qalıb, ona görə də məqaləsini “Ədəbiyyat” qəzetindən geri götürüb.

Məmməd bu sözlərə elə bir reaksiya vermədi:

– Canın sağ olsun, yazı, məqalə, söz, şeir atılmış güllə kimi bir şeydir, nə vaxtsa, hədəfinə deyəcək. – Yəni çap olunacaq.

16 iyun – Məşğuliyyətimiz televerilişlərə baxmaq idi. Adil Əfəndiyev haqqında veriliş gedirdi. Məmmədin   “Yaxşı adamlar silsiləsində” Adil müəllimin xüsusi yeri var. Məmməd həmişə bu adam haqqında hörmətlə danışardı:

– Adil müəllimlə işləyəndə həmişə mənə İnfiloğlu deyərdi, təqdim etdiyim sənədlərə qol çəkərkən,  “qoy məni öldürsünlər bir alagöz qız üstə”  deyib imza atardı. Bütün işlərdə mənə azadlıq verərdi. Çox humanist adam idi və Mehdi Hüseynlə də yaxın idilər.

24 iyun – Arada Məmməd Fransadakı mühacirlər haqqında xatirələrini təzələyirdi:

– Təyyarədə pəncərə şüşəsindən buludlara baxırdım, elə bil gözümə bir misra göründü:

“Ürək deyir: Salamat qal, ana torpaq, ana yer!”.

Hər bir turist getdiyi ölkəni daha çox xaricdən görür. Səfər tarixi abidələrədən başlayır, tarixsiz mehmanxanalarda bitir. Təbiət hər yerdə gözəldir, Fransanın təbiəti də çox gözəldir. Təbiət heç nəyini təbliğ etmir, ancaq göstərir. Necə görürsən gör, öz işindir. Fransanın yollarına söz ola bilməz… Yolun yaxşıdırsa, deməli, hər işin yaxşıdır…

Başçımız mühacirlərlə  görüşməyə bizə imkan vermirdi. Abbas Zamanov əsəbiləşib rus konsolluğuna zəng vurdu. Rus konsolluğundan  mədəniyyət işlərinə baxan şöbə müdiri gəldi və görüşə razılıq verdi, baxmayaraq ki, o, erməni idi.

Ələkbər Topçubaşovla görüşdük, cibində vətən torpağını gəzdirirdi.  Onun vətən torpağını cibində gəzdirməsi, tez-tez gözlərinə sürtməsi beynimdə bu misraları “yazdı”.

                       Bir əbədi yırtıcılar, bir də – dedi-

                       Mütilərdir tarix boyu yurdsuz qalan.

                    … Tarix, qanla yazanda da kövrək olmur,

                       Min il ağla, ağlayana torpaq vermir.    

Böyük bir kitabxanası vardı, ancaq vərəsəsi yox idi. Məndən kitab istədi. “Anamdan yadigar nəğmələr” kitabını verdim. Boş səhifəyə bədahətən  bir şeir də  yazdım:

Qohum da soyuyur, dost da soyuyur,

Gedən unudulur, gedən unutmur…

Qərib ürəyində bir səs uyuyur,

Vətən unudulmur, Vətən unutmur.

Ələkbər Topçubaşov səhəri yanımıza gəldi:

– Şair, sən mənim yaralı yerimə toxundun. Biz həqiqətən də Vətəni unutmamışıq. – Sonra üzünü Abbas müəllimə tutdu:

Mənim çox böyük kitabxanam var, onu Vətənə bağışlayıram. Ancaq Moskvadan aparmayın onu dağıdarlar, – dedi.

Sonralar onun və kitabxanasının  aqibəti necə oldu, bilmirəm. Deyirdilər ki, müharibə dövründə Ələkbərin azərbaycanlı əsirlərin xilasında böyük rolu olub, onlardan ötrü gedib Göbbelslə görüşüb.

 

 

1992

5 noyabr – Çoxdan Neftçalaya getməyə hazırlaşırdıq, lakin imkan düşmürdü. Neftçaladan bildirdilər ki, qoy pambıq planımız dolsun, sonra şairlə görüş keçirərik; hər iki bayramımız bir yerdə olar. Bizi isə Salyanda gözləyirdilər. Getməyi qərara aldıq, çünki Məmməd kimisə gözlətməyi xoşlamazdı. Yola əlavə benzin lazım oldu. Həmin vaxtlar ölkədə benzin qıtlığıydı. Neft ölkəsində benzin tapılmırdı. Əvvəl vermədilər, sonra Məmmədi görüb:

– Məmməd Araza hər şey qurbandır, – dedilər.

Salyanda bizi Xəlil Rzanın qardaşı gözləyirdi. Söhbətlər, sağlıqlar, təriflər…

Axşam İmamverdi Əbilovun qonağı olduq. Heç demə İmamverdi müəllim Məmmədin cavanlıqda oxuduğu şeirləri maqnitofona yazıbmış, üzünü köçürüb, bizə də verdi, ancaq sonralar kaset qarışıq düşüb itdi.

Bizi gəmi ilə  Kürün Xəzərlə qovuşduğu yerə apardılar. Dedilər:

– Şair, Səməd Vurğunun arzusu olmuşdu ki, Kürün Xəzərlə qovuşduğu yeri görsün, lakin arzusuna çata bilmədi. Indi onun timsalında sizi belə mənzərəli yerə gətirdik ki, özünüzün də, Səməd Vurğunun da hissini yaşaya biləsiniz…

Məmmədin isə ayrı dərdi vardı:

–  Hər şeyi gördük, amma Vaqifin şeirlərindəki Tuqay meşələrini görmədik, – sonra əlavə etdi: – Uzanıb gedən bu çaya ana Kür deyirik. Amma anamız Kürə üzü Tiflisdən bəri tökülən böyük şəhərin kanalizasiyalarından, zəhərli maddələrdən söhbət açan yoxdur. Yol boyu bu şoranlaşan torpaqlar məni yaman düşündürür… Muğanın hələ nə qədər oxunmamış səhifələri var; muğan romanı,  torpaq romanı…Tələm-tələsik kolxozları dağıtdılar, sahibkarlar peyda oldu. Yəqin ki, bir müddət sonra səliqəsiz, pinti münasibət münbit torpaqlarımızı da məhv edəcək. Buna dövlətin ciddi nəzarəti lazımdır. Torpaq romanı əbədi yazılan, yazıldıqca bitməyən, oxunduqca oxunan romandır.

Məmməd çox danışdı…

Torpağa israfçı münasibət! Kəndlər, rayon mərkəzləri, bir sıra yaşayış məntəqələri əkin yerlərinə doğru “eninə-uzununa” necə də səxavətlə genişlənir.

Dədə-babalarımız kəndlərin çoxunu dərə boğazında, daşlı-qayalı yamaclarda salırdılar. Düzənlik, münbit torpaqlar isə əkin-biçin üçün, otlaq-biçənək üçün  saxlanırdı.

Elə Bakının böyründəcə Xırdalan qəsəbəsinin yuxarı duzlu yal-yamaca doğru deyil, bərəkətli düzənliyə – qiymətli torpağı olan əkinəcəyə doğru genişlənməsinə hansı ağılla imkan verilmişdir? Bu, ən azı elmi korluq, ən azı gələcək nəslin payına şərik olmaq deməkdir. Çox təəssüf ki, torpağa bu cür münasibət faktları bir deyil, beş deyil, on deyil…

Torpağa israfçı münasibəti məhdudlaşdıran birinci şərt daxili vətəndaşlıq vicdanı olmalıdır.

Əgər bir rayonun dağ yamaclarında meşələr ətəyini qatlaya-qatlaya  qeybə çəkilirsə, digər rayonda su, birində quş nəğməsi, bir başqasında ceyran çəhlimi  yoxa çıxacaq…

 

1993

28 sentyabr – Naxçıvan Universitetinin təşkil etdiyi Məmmədin 60 illik yubileyinə çatmalı idik. Saat 11-də uçmalı təyyarə gecikdi. Bizi sonrakı təyyarə ilə yola saldılar. Hava limanında bizi gül-cicəklə qarşıladılar. Hər şey lentə alınırdı. Qonaq evində yerləşdik. Bizimlə Bakıdan akademik Budaq Budaqov, Söhrab Tahir, Mikayıl Mirzə və Vaqif Yusifli gəlmişdi. Cəfər həkim isə artıq Naxçıvanda idi.  Akif Mədətov bizi qonaq evində qalmağa qoymadı, öz evinə apardı. Axşam Məmməd və qonaqlar televiziyada çıxış etdilər.

Məmmədin çıxışından:

– Bu gün çox  işıqlı idi. Mənə elə gəldi ki, nə vaxtsa bu işığı  Naxçıvandan borc almışdım, indi isə geri gətirmişəm. Mən həmişə Naxçıvana gələndə Araz boyu şütüyən qatar Nehrəm dərəsindən burulub Araz dəryaçasının sahilindən  düzənliyə çıxanda qəribə hisslər keçirirdim. Bu işıq dənizini heç yerin mənzərəsi ilə müqyisə edə bilmərəm. Mənə elə gəlirdi ki, bu məqamda burda hər şeydə işıq var: – daşda da, torpaqda da, sularda da. 

Babalardan bizə yadigar qalan əyilməzliyi, dönməzliyi, lazım gələndə Vətənin bir parçasına dönməyi alqışlayıram.

Bütün döngə-dönüş, bütün gədik və aşırımlarda hamının bir adam olmağı hünər işdir, hünərsiz qələbə, qələbəsiz hünər yoxdur. Bu hünərə bələdçi olan oğulları alqışlayıram…   Əgər gücüm çatsa, bu torpağı çiynimə qaldırıb bütün dünya sərgilərinə çıxardım və bu torpağın rənglərilə dünyanı sarsıdardım…

… Və Məmməd o torpağı çiyninə  qaldırdı, şeirləri ilə, dünyanı deyə bilmərəm, milyonlarla ürəyi sarsıtdı.

29 sentyabr – Saat 12-də H. Cavid adına dram teatrında təntənəli görüş oldu.  Irandan Cavad Həyət, Türkiyədən İbrahim Bozyel də gəlmişdi. Bozyel iki dəfə sərhəddə gəlib buraxılmadığı üçün geri qayıtdığını söylədi. Iranın Naxçıvandakı konsulu da gəlmişdi. Gecədə bir nəfər H. Əliyevə həsr etdiyi poemasını oxudu.

İclasdan sonra qonaq evində banket verildi. Masabəyi Akif Mədətov idi. Məmmədin şeirləri oxunduqca Cavad Heyət ağlayırdı. Deyirdi ki, mən bu vaxta qədər Məmmədi niyə tanımamışam. Ürəyimdə deyinirdim, çünki Məmmədi tanıtmalı olanlar ancaq özləri ilə məşğul olublar. Məmməd isə həmişə sədlərlə üzləşib. Bir də ki, bu şeirləri yazan şeirdən nə qazanıb ki, sən də nə isə qazanasan.

Akifə dedim ki, Təbrizi görmək istəyirəm.

30 sentyabr – Səhər yeməyindən sonra Naxçıvan Universitetinin binasında  Məmmədin yaradıcılığına aid sərgiyə baxdıq.  “Məmməd Araz – 60” yazılmış bu sərgidə şəkilləri və kitabları qoyulmuşdu. Rektor Qasım müəllim çıxış etdi. O biri zalda isə Məmmədin yaradıcılığına aid elmi konfrans keçirilirdi. Sonra Şahbuza getdik. Yolda Məmməd  Üç qardaş dağını göstərərək Toğrula dedi:

– Balam, qarşıdakı üç zirvəni görürsənmi? Onlar üç qardaşdır. Ona görə də Üç qardaş dağı adlanır. O zirvələrdən biri mənəm, biri də sən.

– Dədə, bəs Tuncay hansıdır? – narahatlıqla soruşdu Toğrul.

Bu sual Məmmədə yaman ləzzət verdi. Bütün yol boyu güldü. Toğrulu  Naxçıvana özümüzlə ona görə aparmışdıq ki, dədə yurdunu görsün, naxçıvanlılar Toğrulu, o da naxçıvanlıları tanısın. Dədə yurdunu unutmasın, naxçıvanlılar da bilsinlər ki, Məmmədin varisləri var. Gələcəkdə onlarla əlaqə saxlaya bilərlər.

Şahbuzun icra başçısı yığıncağı açdı, çıxışlar, təbriklər, şeirlər, ithaflar oxundu. Təriflər və vədlər baş alıb getdi. Şahbuzun “Mədəniyyət evi”nə Məmməd Araz adı “verildi”. Sonralar yolum Naxçıvana düşəndə maraqlandım ki, görək sözə əməl olundumu. Yox, bu, vəd olaraq qalmışdı.

Iclasdan sonra çay kənarında “Mustafa meşəsi” deyilən yerdə banket verildi. Çoxlu şəkil çəkilsə də mənə çatmadı.

 1 oktyabr –  Akifin fəallığı nəticəsində Təbrizə getmək məsələsi reallaşdı. Dəstəmiz böyüdü. Söhrab, Qorxmaz və biz üçümüz. O taydan maşın gəlməli idi. Maşınlar körpünün üstündə görüşdü, çünki Məmməd piyada gedə bilmirdi.

Sərhəddi keçdik. Elə bilirdim ki, Məmməd indicə yerə sərilib torpağı öpəcək, yox, belə bir iş olmadı. Amma əlim qolunda olduğundan bədənindən möhkəm bir gizilti keçdiyini hiss etdim. O tay Culfasının təmiz küçələrini bizim Culfa ilə müqayisə etdim, xalq eyni xalq olsa da küçələr eyni təmizlikdə deyil. Yol boyu ətrafa baxıram. Eyni torpaq, eyni mənzərə, eyni insanlar. Təbrizə çatdıq, bizi “Dərya” otelində yerləşdirdilər. Elə birinci gündən hiss edirdim ki, ətrafımızda çoxlu “xüsusi adamlar” var və bizi kənardan izləyirlər. Bizi gətirən bələdçi də çıxıb getmişdi. Öz-özümə fikirləşirdim: “– nə olacaq, biz buraları tanımırıq, kimə güvənib belə bir iş tutmuşam. Tanımadığım adamlara, yoxsa əfsanə danışıqlara?..”

Heydər Həsənoğlu bizə telefon nömrəsi vermişdi. Həmin nömrəni yığdıq, bir qadın cavab verdi. Eyvaz Bəxşimənlini soruşduq, özümüzü nişan verdik.

Dedilər ki, evdə yoxdur, ünvanınızı qoyun, gələr, sizi tapar.

Bir az  keçəndən sonra bizə iki nəfər yaxınlaşdı. Eyvaz və Kazım idi. Eyvaz bütün işlərimizi Kazıma tapşırdı və bir xeyli də rial verərək getdi.

Indi rahat nəfəs ala bilərdim, artıq bələdçimiz vardı.

2 oktyabr – Kazım öz maşınında gəldi, əvvəlcə Məmmədin istədiyi kimi bizi Şəhriyarın məqbərəsinə apardı. Dediklərinə görə çəkiliş də olmalı idi. Lakin heç kim gözə görünmədi. Şəhriyarın evinə də getdik. Orada bir nəfər bizim şəkillərimizi çəkdi, aydın məsələ idi ki, şəkillər yenə bizə çatmadı. Şəhriyarın evi iki gözdən ibarət idi, bir kiçik baxçası vardı. Sağlığında  darısqal mənzildə yaşayan şairin məqbərəsi isə, əksinə, çox əzəmətli idi. Fikir verin, millət Arazın o tayında da, bu tayında da  sənətkarlarını  diri vaxtında saymadıqlarını ört-basdır etməkdən ötrü öləndən sonra məqbərələrini göylərə ucaltmağa çalışırlar. Şahidi olduğumu dilə  gətirdim. Həmin məqbərədə bir çox şairlərin də qəbirləri var.

         Bəzən də belədi, belədi dünya,

                       Onu uçurana heyjkəl ucaldır,

Onu ucaldana yaxşıca zindan.

                                

Sonra bizi Təbrizdə nəşr olunan bir dini qəzetin redaktoru qəbul etdi (adı yadımda deyil).  Söz verdi ki, bizi Məşhədə göndərəcək, biləndə getmək istəyirik, tez sözündən qaçdı və bu da Məmmədin ürəyindən oldu. Söhrab Tahir  həmin gün geri qayıtdı. Mən isə Təbrizdə Ordubadinin “Dumanlı Təbriz” romanında təsvir etdiyi yerlərə baxmaq istəyirdim.

3 oktyabr – Kazımdan xahiş etdim ki, məni Bəzz qalasına apar. Cavabı:

– Bəzz qalasının bir tərəfini söküb namaz qılmağa yer düzəldiblər. Qəsdən tarixi yerləri sökürlər.

– Bəs Qaraçı məhəlləsi necə?

– Qaraçı məhəlləsi də çox uzaqdır.

Təbrizə ayaq basanda Dəlidağda aşıq Hüseyn Cavanla görüşümüzü xatırladım. O vaxtlar əlçatmaz hesab etdiyimiz cənub torpaqlarımızı onun sazının mizrablarında gəzirdik. Bizə elə gəlirdi ki,Babəkin Bəzz qalası, uzaqdan boylanan Eynəli dağı, qədim qalacıqlar da bizi salamlayır.

Beləliklə, arzuladığım yerlərin birini də görmədim.

Məmmədin bu sözləri yadıma düşdü:

 “Hər bir xalq öz tarixi abidələrindən tanınır. Onun yazılı, tikili abidəsi yoxsa, onun dünənki yaşayış tərzi, ictimai həyatı, fəlsəfi əxlaqi görüşü bu abidələrlə pillə-pillə qalxıb bizim zamana gəlməyibsə, nədən biləsən ki, bu xalq həqiqətən yaşayıb.  Onlar dünəni bu günə gətirib. Bu günü sabaha aparan abidələr isə bu gün yaranır, doğulur, tikilir. Bu günün bəzi “ictimai dumanı” hələ onların çoxunu gizlədib. Balaca bir küləkdən o duman dağıla bilər.

X11 əsr  Naxçıvan  memarlıq abidələrinin  ənənəsi neçə yaşda olar? Özü-özünün sualına cavab verir. Hər hansı bir sənətin 500-800 yaşı olmalıdır. Bəzən adi saxsı qab qədim bir mədəniyyətin, qədim bir şəhərin müəyyən edilməsi üçün yeganə səbəb olur və arxeoloq bundan yapışır.

Deyirsən ki, Təbrizin küçələri tıxanmış mağazalardır.

Bir xalqı məhv etməyin yollarından biri də xalqın başını xırda alverə qarışdırmaqdır.”

              …Əgər şah düzündən boylansaq aya,

              Xətainin qılıncı pilləkan  olsa,

              O şahlı dünyadan şahsız dünyaya,

              Şahlıq ləyaqəti yollayan olsa…

Hə, Məmməd Araz, çox gözəl demisən…

Təbrizlilərdən biri də bizə yaxınlaşmadı. Bəlkə də qorxularından.    

Təbrizdən Naxçıvana, oradan da Bakıya qayıtdıq.

6-7 oktyabr – Axşam xəbərlərində Heydər Əliyevin  Məmmədin 60 illiyini təbrik edən teleqramı oxundu. Teleqramda Məmmədin Azərbaycan ədəbiyyatındakı xidmətləri qeyd olunmuşdu.

Elçin Əfəndiyev telefonla Məmməddən soruşdu:

– Yazıçılar İttifaqı sənin 60 yaşın olduğu barədə heç bir məktub və ya məlumat verməyib. Nazirlər Soveti qərar çıxarıb ki, ayın 25-də  dövlət səviyyəsində yubileyinizi harada istəyirsinizsə, orada keçirək.

Məmmədin cavabı: – Heç bir yubiley, filan lazım deyil.

16 oktyabr –  Nərimanov rayonu maarif işçilərinin iştirakı ilə görüş keçirildi. Balaca bir uşaq “Ayağa dur, Azərbaycan” şerini elə məharətlə ifa etdi ki, bütün zal ayağa qalxıb uşağı alqışladı. Mikayıl da onu qucaqladı və əlavə etdi ki, Məmmədin  yerinə də səni öpürəm.

23 oktyabr – Bakı Dövlət Universiteti də Məmmədin 60 illiyini qeyd edirdi. Axşam saat dörddə Universitetin akt zalı ağzına kimi dolu idi. Arxa tərəfdə və boş aralarda da tələbələr ayaq üstündə durmuşdular. Hamı intizarla Məmmədi gözləyirdi. Rektor Murtuz Ələsgərov  görüşü açıq elan etdi. Həmişəki kimi çıxışlar, tələbələrin şeir oxumaları və s. Qara Namazov isə Məmmədə qoşulmuş bir əfsanə danışdı. Gecədə Nüsrət Kəsəmənli, Nəriman Həsənzadə və Zəlimxan Yaqub da iştirak edirdilər. Zəlimxan çıxışını belə yekunlaşdırdı:

– Məmməd Araz kimi nadir insanlara  diri ikən heykəl qoyulmalıdır.

Nəriman və Nüsrət də çıxışlarında bu fikirlə razılaşdılar.

“Günay” şirkəti ilin ən yaxşı şeirinə mükafat təyin etmişdi.  Məmmədə də mükafat verilmişdi,  Mikayıl Məmmədi ora apardı.

Beləliklə, 93-cü ili başa vurduq…

(Davamı var)

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!