6 May 2026 / 11:57

Məscidin yanında tapılan uşaqdan xəbər var

Sosial Xidmətlər Agentliyi Goradil qəbirstanlığının yaxınlığındakı Fatimeyi Zəhra Məscidinin yanında tapılan uşağın vəziyyətini nəzarətə götürüb.

Agentliyin məlumatına görə, Abşeron rayonu ərazisində tapılan və valideynləri tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Qeyd olunub ki, hazırda Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən körpənin mövcud vəziyyəti nəzərə alınaraq qanunvericiliyə uyğun addımlar atılır.

“Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşağın mənafeyinə uyğun olaraq onun müvafiq qayğı ilə əhatə edilməsi üçün tədbirlər görüləcək”.

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə polis Goradildə Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı atılmış oğlan uşağını yatmış halda tapıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. Sitat: “Əziz dostlar, xahiş edirəm, maksimum paylaşın! Bu gün Mehdiabad polis bölməsi balacanı bizə gətirib. Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir… Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb. Qoyub gediblər qansızlar… Hazırda polisdə axtarış gedir. Paylaşmaqda məqsədimiz bəlkə körpəni tanıyanlar oldu… Onu güldürüb özümüz isə ağlamışıq… Adını Tale qoymuşuq…”.

Daha sonra uşağın valideynləri tapılıb. Ananın övladından imtina etdiyi deyilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!