“Vida” mərasim evində 200-dən çox inanclı orucunu açaraq təşkilatçılara minnətdarlıqlarını bildirdilər
Müsəlman dünyası Allahın bəndələrini öz süfrəsinin qonağı saydığı mübarək Ramazan ayının əziz günlərini yaşayır. Qurani-Kərimin nazil olduğu, mənəviyyatla dolu bu müqəddəs ay ixlaslı ibadət, itaət, dua, münacatla yanaşı, sosial ədalət, bərabərlik, imkanlıların imkansızlara əl tutması, öz sərvətlərini Haqq-Təala və kasıb zümrə yolunda xərcləməsi ilə də xarakterikdir.
İslam övliyalarının, Əhli-beyt nümayəndələrinin və aşiqlərinin vətəni sayılan Azərbaycanda da həmin istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir, İlahi dərgahda bəyənilən işlər görülür. İftar süfrələri açmaq, ehtiyaclılara maddi kömək göstərmək, xəstələrin müalicəsinə dəstək, müxtəlif xeyriyyə aksiyaları reallaşdırmaq bu qəbildəndir.
Belə tədbirlərdən biri – Ramazan ayının ən dolğun atributu, gündəlik orucu yekunlaşdırmaq üçün səbirsizliklə gözlənilən iftar süfrəsi Xətai rayonunda yerləşən “Vida” mərasim evində keçirildi. Nurlu məclisə 250 nəfərdən çox iştirakçı – şəhid ailələri, qazilər, dövlət qulluqçuları, ictimai xadimlər, inanclı insanlar toplaşmışdılar.
Emin Çaqayev
İftar süfrəsi tanınmış idmançılar, Fitnes üzrə dünya birincisi Emin Çaqayev və məşhur boksçu, Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Nazaroviçin təşəbbüsü və maliyyə dəstəyi ilə təşkil edilmişdi. Umar Nazaroviç həmin vaxt Moskvada olsa da, Emin Çaqayev iftar tədbirinə qatıldı və dəvətini qəbul edib gələnlərə xoş arzularını bildirdi. Çox təvazökarcasına belə mərasimlərin təkcə Azərbaycanda deyil, başqa ölkələrdə, Rusiya müsəlmanları üçün də reallaşdırıldığını söylədi.
Umar Nazaroviç
Gənc ilahiyyatçı Məşhədi Ülvi tədbiri açaraq azan, Qurani-şərifdən ayə və iftar duası oxudu. Xalqımızın, dövlətçiliyimizin, müstəqilliyimizin əbədi olmasını dilədi və belə bir xeyriyyə işinə sponsorluq edənlərə təşəkkür etdi.
“Vida” mərasim evinin rəhbəri Vüsal Cəfərov bizimlə söhbətində istər Ramazan ayında, istərsə də digər vaxtlarda bu qəbildən olan humanitar müraciətlərə tez-tez qapı açdıqlarını, İslamın fundamental tövsiyələrinə əməl etdiklərini, milli-mənəvi dəyərləri yaşatdıqlarını, şəhidlərin xatirələrini əziz tutduqlarını, qazilərin qəhrəmanlıqlarını təbliğ etdiklərini söylədi: “Dövlətimizin rəhbərliyi – Prezident cənab İlham Əliyev, hörmətli Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondu daim tarixi, dini ənənələrin yaşadılması, müqəddəs məkanların təmir olunub xalqın, inanclıların ixtiyarına verilməsi məqəsdilə böyük işlər görürlər. Biz də həmin gözəl, xeyirxah yolun davamçılarıyıq”.
Mərasim evinin inzibatçısı, şəhid atası Tofiq Rzayev və kollektiv qonaqların rahatlığı, razı qalmalarından ötrü əllərindən gələni elədilər – Allah onlardan da razı olsun!
NİLUFƏR