MİKAYIL CABBAROV: “NÜFUZLU ŞİRKƏTLƏRLƏ REALLAŞDIRILAN LAYİHƏLƏR ETİBARLI TƏRƏFDAŞLIĞIMIZI TƏSDİQLƏYİR”

Oxunma sayı: 309

“Ölkəmizin inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var. Bu platformadan onlara təşəkkür edirik. Sahibkarlarımız fəal təşəbbüslər göstərir, dövlətin dəstəyi fonunda fəaliyyətlərini korporativ sosial məsuliyyətə uyğun qurmağa çalışırlar”.

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumda çıxışında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir vurğulayıb ki, vergi sisteminin 25 illiyi həm də ölkəmizin inkişafı üçün əlamətdar yubileylərlə eyni ildə qeyd edilir: “Ümummilli Lider Heydər Əliyevin dövlətçilik üçün ən mühüm xidmətlərindən olan Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, ordumuzun misilsiz şücaəti ilə torpaqlarımızın işğaldan azad edilməsinin 5 illiyini nəzərdə tuturam”.

M.Cabbarovun sözlərinə görə, iqtisadi siyasətdə şaxələndirmə mühüm yer tutur. Qlobal çağırışlar və regional reallıqlar bu prosesi sürətləndirməyi diktə edir: “Uğurlu diversifikasiya investisiya, bilik və bacarıqların çevik inteqrasiyasını tələb edir. Son dövrlərdə bilik, texnologiya və təcrübələrin transformasiyası sahəsində fəaliyyətimizi genişləndirmişik. İqtisadiyyatda dayanıqlı artıma transformasiya enerji keçidi şəraitində baş verir. Yaşıl enerji sahəsində ölkəmizin pozitiv beynəlxalq mövqeyi var. Nüfuzlu şirkətlərlə reallaşdırılan layihələr etibarlı tərəfdaş olduğumuzu təsdiqləyir”.

Xəbəri paylaş

18 May