Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Dünən çox hörmətli yazıçı-filosofumuz Firuz Mustafanın bir xanımın qiraət etdiyi Mikayıl Müşfiqin guya Atatürkə yazdığı şeirin əslində Stalinə həsr edildiyini bildirdiyi bir statusunu oxudum.
Təbii ki, mən də təsdiqləyici bir rəy yazdım, həmin təqdim olunan parçanın Stalinə yazılmış poemanın son bəndi olduğunu bildirdim. Sonra bu vəsilə ilə o poemanı bir daha oxudum. 1936-cı il Müşfiq yaradıcılığının çiçəkləndiyi bir vaxtda yazılmış gözəl bir əsərdir. Mən əvvəllər Səməd Vurğun haqqında yazdığım kimi bir daha qənaətə gəldim ki, əslində Stalin obrazı həmin dövr Azərbaycan ədəbiyyatı üçün ədalətin, azadlığın, yeni quruluşun obrazı idi. Əlbəttə, yaşı gənc olan o şairlərin ideoloji basqı altında aldanması başqa söhbətdir. O qədər ilhamla, həqiqi pafosla, sənətkarlıqla yazılıb ki, poemanı guya Müşfiqin özünü repressiyadan xilas etmək üçün məçburən yazdığı fikrini heç yaxın qoymaq olmaz. Bunu həm də Müşfiq yaradıcılığını bütünlüklə oxuyan, həmin dövr yeni quruluşun tərənnümünün onun əsərlərində necə vüsətlə ifadə olunduğunu bilən hər kəs aydın başa düşür.
“Stalin” poemasını oxuduqda mənim ağlıma belə bir fikir gəldi ki, bəlkə də bu poema Müşfiqin ölüm fərmanında əsas rol oynayıb. Çünki belə bir ilham və sənətkarlıqla yazılmış poema Stalinə çatsa idi, Stalin Səməd Vurğun kimi onu da himayəsi altına alardı. Bu da Azərbaycanın daxildəki bədxah düşmənlərinə sərf etmirdi. Təbii ki, bu poema da hər bir sənət əsəri kimi çox qatlı, çox assosiasiyalıdır, “Yanından hürkərək keçir zaman da” kimi möhtəşəm və çoxmənalı misralarla zəngindir. Lakin yenə də bu poema bütün ruhu ilə Stalinə yazılmış, yazılacaq əsərlərin sırasında Müşfiqin Stalinin özünü bənzətdiyi – “Cahan dairəsi bir üzük kimi, Üstünün ən böyük gövhəri sənsən”- ən qiymətli daş olacaqdı…Amma mən söhbəti başqa yerə gətirmək istəyirəm. Dünən həm də, “Sözün sərkərdəsi” deyə sevdiyimiz Aydın Canın da bir statusunu oxudum. Burada söhbət keçən əsr poeziyamızın ikinci yarısının digər parlaq bir siması Əli Kərimdən gedir.
Daha doğrusu Əli Kərimin nümunəsində istedadlı insanın həssaslığından, inamından, təbii ki, bir qədər də iradə zəifliyindən, bəlkə də iradəyə tabe olmamaq istəyindən qonaqlıqlar adı ilə onun mütəmadi olaraq içirilib sərxoş edilməsindən, beləliklə ailəsinin, tifaqının, insani əlaqələrinin dağıdılmasından, nəticədə həmin istedadlı şəxsin məhv edilməsindən bəhs edilir. Və burada bu istedadların ölümünə səbəb olan gara xəbis qüvvənin ümumiləşdirilmiş, personalaşdırılmış obrazı yenidən səhnəyə çıxır – Süleyman Rüstəm və süleyman rüstəmkimilər. Doğrudanmı bu belədir? Dünyanın dərki üçün ta ağıl yarandığı gündən hər şeyi ikiyə – xeyirə-şərə, ağa-qaraya, pisə-yaxşıya, Allaha-İblisə bölən insan oğlu bütün dövrlərin mifik-əxlaqi-estetik qəhrəmanlarını və anti qəhrəmanlarını bu sadə ziddiyyət sxeminə görə yaradır. Məgər Stalinə ən gözəl şeirləri yazan Müşfiq deyildimi? O idi. Məgər 20-ci əsrin ikinci yarısında Azərbaycan poeziyasında dərin inqilabi dəyişiklik edən və bunun üçün də əslində dərin humanitar biliklərə yiyələnən, deməli, həm də psixologiyanı, psixoanlizi gözəl bilən, beləliklə də, ətrafındakı insanların, müasirlərinin hiss və düşüncələrinə hamıdan yaxşı bələd olan şair-intellektual Əli Kərim deyildimi? O idi!
Necə oldu ki, daha az istedadlı, daha az ağıllı monstr Süleyman Rüstəm həm əsrin birinci yarısında Müşfiq kimi hamıdan ağıllı, itigözlü, proletar həyatının bütün sahələrinə, xüsusilə də Stalinə ən gözəl şeirləri həsr etmiş , deməli, həm də ayıq-sayıq bir istedadın repressiyasında məşum rol oynadı, həm də əsrin ikinci yarısında Əli Kərim kimi hamıdan ağıllı, modern, daha intellektual, deməli, həm də yenə də ayıq-sayıq bir şairi başqalarının əli ilə içirdib, sərxoş edib, ailəsini dağıdıb məhv edə bilən səhnə arxasındakı qara vəzir obrazı ola bildi? Ruslar demişkən, “ne slişkom li?” Müasirləri xatirələrində Süleyman Rüstəmi xeyirxah, alicənab, səxavətli bir insan kimi tanıdıqlarını bildirirlər. Bir əsrin günahını bu arıq, çəlimsiz insanın boynuna yıxmaqla sadəlövhlük etmiş olmuruqmu?
Bəlkə sirr ondadır ki, adamlar həmişə özlərini istedadla identikləşdirir, eyniləşdirir; Müşfiqin kimə, nəyə şeir yazmasının, Əli Kərimin özünün içib sərxoş olmasının və ya onun içirilməsinin heç bir əhəmiyyəti yoxdur, onlar nə yazıbsa gözəldir və ona görə də onlara heç bir günah ətf etmək olmaz, onlar yalnız qurbanlıqlardır… Puşkin də “Motsart və Salyeri” yazdı, Salyerinin Motsartın fitri istedadına paxıllıq edib onu zəhərləyən xəbis, qatil obrazını yaratdı. Amma Puşkin də, bütün dünya tarixi də bilirdi ki, Salyeri Motsartı zəhərləməyib, heç ona paxıllıq da etməyib, hələ ona ustadlıq və xeyirxahlıq edib. Amma bu faktlar hekayə üçün maraqlı deyil. Hekayədə Salyeri hökmən Motsarta paxıllıq edib onu zəhərləməli idi…
Arzu ƏSƏD