3 Mart 2026 / 13:55

MİLLİ RUHUMUZ – OD İŞIĞINDA

Bu gün – 3 mart 2026, Od çərşənbəsi günüdür. Elimizin yaddaşında, minilliklərin süzgəcindən keçib gələn müqəddəs bir gün – Od çərşənbəsi. Baharın nəfəsi artıq duyulur. Torpaq oyanmağa, sular axmağa, ağaclar tumurcuqlamağa hazırlaşır. Amma bütün bu oyanışın mərkəzində bir ünsür dayanır: od – istilik, işıq, təmizlənmə və yenilənmə rəmzi.

 Od çərşənbəsi qədim türk dünyagörüşünün, zərdüştlükdən süzülüb gələn inanc qatlarının və xalq təfəkkürünün sintezidir. Ocaq başı bizim üçün təkcə istilik mənbəyi deyil – ailənin birliyi, nəslin davamlılığı, mənəvi bağların qoruyucusudur. Hər evdə qalxan alov sanki bir çağırışdır: “Köhnə dərdlər odda yansın, yeni ümidlər sabaha qalsın!”

Bu gün axşam yenə həyətlərdə tonqallar qalanacaq. Uşaqların sevinc dolu səsləri, böyüklərin xeyir-duası, alovun şöləsində əks olunan arzular…

Hər kəs tonqalın üzərindən atılarkən eyni niyyəti tutacaq:

“Ağırlığım-uğurluğum, dərdim- qəmim, azar- bezarım odda yansın!”

Od çərşənbəsi adi adət- ənənə hadisəsi deyil –bu, milli kimliyin canlı təzahürüdür. Bu ənənə bizi tariximizə bağlayır, nəsillər arasında mənəvi körpü yaradır. Qloballaşan dünyada milli-mənəvi dəyərlərimizi qorumağın ən təsirli yolu məhz bu cür ümumxalq milli ənənələrimizi saxlamaqdır. Çünki ən müasir texnologiyalar belə ocaq başında deyilən bir səmimi sözün, paylaşılan nemətin, bir tonqal ətrafında birləşən ürəklərin yerini verə bilməz.

Bu gün dostlarımıza, qohumlarımıza, Feysbuk səhifələrində ünsiyyətdə olduğumuz insanlara, həmkarlarımıza səslənirəm:

Əzizlərim!

Od çərşənbəniz mübarək olsun! Ocağınız daim gur yansın, ailə süfrəniz bərəkətli, könlünüz işıqlı olsun.

Qoy bu alov yalnız tonqalda deyil, qəlbimizdə də yanaraq bizi saflaşdırsın, küskünlükləri əridib yox etsin, münasibətlərimizə istilik gətirsin.

Unutmayaq ki, od yandırmaq yox, işıqlandırmaq üçündür. Bölmək yox, birləşdirmək üçündür. Bugünkü tonqallar sevgini, məhəbbəti, xeyirxahlığı, sülhü, əmim- amanlığı alovlandırsın.

Ümummilli həmrəyliyimizi gücləndirsin.

Bahar qapımızdadır. Qarşıda bizi Novruz bayramı gözləyir.

Novruz – təbiətin, insanın və cəmiyyətin yenilənməsi deməkdir. Od çərşənbəsi isə bu böyük dirçəlişin ilk gur sədasıdır.

Qoy hər evdə yanan çıraq, hər tonqaldan qalxan alov, hər ürəkdə doğan ümid xalqımızın, millətimizin, dövlətimizin sabahına nur saçsın.

Od çərşənbəniz mübarək!

Əlövsət Qaraca ƏLİYEV

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!