Müharibənin sərt məntiqi Trampın sürətli sülh arzularını məhv edəcək – “The Telegraph”

Zelenskinin razılaşdığı istənilən razılaşma Putin tərəfindən rədd edilə bilər və əksinə…

Ukraynadakı müharibənin sərt reallığı ABŞ prezidenti Donald Trampın asan sülh arzularını məhv edə bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Defense Priorities”-in tədqiqatçısı Daniel DePetris “The Telegraph”-ın köşə yazısında yazır.

Alyaskada Vladimir Putinlə planlaşdırılan sammit ərəfəsində Tramp sürətli irəliləyişlə bağlı gözləntiləri azaltmağa çalışır. “Bu, kəşfiyyat xarakterli görüş olacaq”, – o, Vaşinqtonda mətbuat konfransı zamanı dedi. – “Biz hazırda Rusiyanın nəzarətində olan Ukrayna ərazisinin bir hissəsini qaytarmağa çalışacağıq”.

Trampın sözlərinə görə, bu, 2022-ci ilin fevralından işğal olunmuş Ukrayna torpaqlarının təxminən 20%-nə aiddir. Bu cür ritorika Kiyevdə qarışıq hisslərə, Avropa paytaxtlarında isə narahatlığa səbəb olur. Londonda Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi artıq ABŞ-ın vitse-prezidenti J.D.Venslə qeyri-rəsmi danışıqlar aparıb və Trampın Putinə hansı mövqe bildirəcəyini anlamağa çalışıb.

Vaşinqtonun avropalı müttəfiqləri xatırladırlar ki, Ukraynada sülhə gedən yolu Ukraynasız müəyyən etmək olmaz. Kiyev ərazinin Moskvaya verilməsini nəzərdə tutan sazişi qəbul etməyəcəyini və ya təhlükəsizlik təminatı məsələsinə məhəl qoymayacağını açıq şəkildə bəyan edib.

Vens etiraf edib ki, “müharibənin istənilən danışıqlar yolu ilə həlli həm ukraynalılar, həm də ruslar üçün udmaq üçün acı həb olacaq”. Ukrayna ordusu rus qoşunlarını tamamilə sıxışdırmağa qadir deyil, lakin Rusiyanın Kiyevi tutmağa gücü çatmır. Bu, heç bir tərəfin əsas mövqeləri verməyə hazır olmadığı dondurulmuş münaqişə yaradır.

Analitik xəbərdarlıq edir ki, Zelenskinin razılaşdığı istənilən razılaşma Putin tərəfindən rədd edilə bilər və əksinə.

“Rusiyanın ərazi iddialarının tanınması Ukraynada təcavüzün legitimləşdirilməsi kimi qəbul ediləcək… Trampın sülh prosesinə təkan vermək cəhdinə həsəd aparmayın. Sadəcə, pulunuzu onun nəyisə həll edə biləcəyinə stavka etməyin”, – o qeyd edib.

Tramp və Putin Alyaskada görüşəcək – sammitdən nə gözləmək olar?

Donald Tramp və Vladimir Putin arasında Alyaskada keçiriləcək sammit avqustun 15-də baş tutacaq. Tədbir Ukraynada müharibənin mümkün bitməsi ilə bağlı aktiv müzakirələr fonunda baş tutacaq. Tramp dəfələrlə sülhün şərti kimi “torpaq mübadiləsi” variantına eyham vurub ki, bu da Kiyev və Avropa paytaxtlarında narahatlıq doğurub.

Diplomatik dairələr Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyinin yumşaldılmasını müzakirə edirlər. Kiyev Rusiyanın Luqansk, Donetsk, Zaporojye, Xerson vilayətləri və Krımda artıq işğal olunmuş ərazilər üzərində nəzarətinin faktiki olaraq tanınması ilə hərbi əməliyyatların dayandırılması variantını nəzərdən keçirməyə hazırdır.

Eyni zamanda, Alyaskada Tramp-Putin sammiti öncəsi Ukraynanın şərqində çaxnaşma və inamsızlıq hökm sürür. Yerli sakinlər ərazilərin Rusiyaya verilməsinin mümkünlüyü ilə bağlı bəyanatlara həyəcanla reaksiya verirlər.

E.ŞİRİNOV

 

Xəbəri paylaş

Xəbər lenti