2 Dekabr 2025 / 12:20

Neftçilər Xəstəxanasının laboratoriyasının iş fəaliyyəti çökdü

Paytaxtın məşhur xəstəxanalarından birinin – Mərkəzi Neftçilər Xəstəxanasının laboratoriyasında qan analizləri üçün xəstələrdən nümunələr götürülməsinə niyə stop qoyulub???

Tezadlar.az -a bu barədə xəstəxanaya müraciət edən vətəndaşlar məlumat verib.

Xəstəxanaya müraciət edənlərə bildirilir ki, vəziyyətin neçə gün davam edəcəyi naməlumdur. Səbəbi isə laboratoriyadakı qan analizini həyata keçirən cihazların çalışmaması ilə izah edilib. Xəstələrə yaxşı halda həftəsonu, yəni şənbə günü müraciət etmələri tövsiyə olunub.

***

Bu hal isə artıq bir neçə gündür ki, davam edir. Vətəndaşlar hər gün ac-susuz, bəziləri, hətta gündəlik dərman qəbulunu dayandıraraq laboratoriyanın çalışacağı ümidi ilə xəstəxanaya gedərək zamanlarını itirirlər. Məlum olduğu kimi, xəstəxanaya üz tutan işləyən insanların həftəarası  müraciət etməsi iş saatını itirməsi, rəhbərlikdən icazə hesabına başa gəlir. Bu isə onların iş yerlərində bəzən problemlərə – vəzifəsini icra edə bilməməsinə yol açır. Nəzərə alsaq ki, müəssisəyə, hətta bölgələrdən gələrək müraciət edənlər də çoxdur, vəziyyətin nə qədər ciddi olduğunu anlamaq olar. Xəstəxana isə önləyici tədbir kimi bu barədə mediada heç bir məlumat vermir…

Ən pisi isə, həkimlər tərəfindən əvvəlcədən qan analizinə yönləndirilən xəstələrin cəmi 3 gün ərzində qan nümunələri vermək kimi məhdudiyyətli imkana malik olmasıdır. Müddət ötərsə, yenidən həkim qəbuluna düşmək lazımdır (Məlumata görə, artıq bəzi həkimlər yeni xəstə qəbul etmir və analizlərə yönləndirmir). Yəqin ki, həkimlər xəstələrin günahı ucbatından baş verməyən bu hadisəyə görə bunu istisna hal kimi qəbul edərək laboratoriya öz iş fəaliyyətini bərpa etdikdən sonra həmin vətəndaşlara əlavə qayğı yaratmayacaq.

***

Qeyd edək ki, daxil olan şikayətlər əsasında özümüz Neftçilər Xəstəxanasında olduq, müşahidələr apardıq… Məlum olur ki, həkim qəbuluna yazılmaq  üçün canlı növbəyə dayanmaq lazımdır, amma bunun üçün də günlərlə gəlib-getmək lazım gəlir. Burada əsl izdiham yaşanır. Həkimlər bəlli sayda xəstə qəbul edir və bu limiti keçmək olmaz. Məsələn, endokrinoloq qəbuluna düşmək istəyən şəxs (əsasən Emin Ağabalayevin) mütləq mənada səhər 06.00-dan xəstəxanada keşik çəkməlidir, əks halda günlərlə yollarda qalacaq, əsəbləri korlanacaq. Hətta analiz nəticəsini belə həkimə göstərə bilməyən xəstələr də var… Nə həkimin qapısındakı izdiham buna imkan vermir, nə də qeydiyyat şöbəsi belə xəstələrin iş saatının sonunda həkimin resept yazmasına, yaxud, sadəcə, analiz nəticələrinə baxmasına şərait yaratmır – Qaydanı Pozmaq Olmaz! Xəstə isə gəlib-getməkdən yorulur, bezir.

***

Təəssüfləndirici mənzərədir… Əlavə edək ki, bu xəstəxanada  kompyuterlərdə “sistem dondu” deyərək, xəstələrin ya həkimlərə, ya da laborator analizlərə yönləndirilməsində tez-tez fasilələr baş verir. Bu, bir neçə dəqiqədən bir neçə saatadək davam edir. İndi isə laboratoriyadakı vəziyyətin  həftəsonunadək davam edəcəyi gözlənilir. Bu da qeyri-müəyyəndir. Konkret cavab yoxdur!

…Belə görünür ki, vəzifəsi xəstələrin dərdini aşkarlamaq olan laboratoriyanın öz dərdinə çarə olacaq (cihaz və kompyuterlərinə) savadlı mütəxəssislərə ehtiyacı var.

JASMİN

P.S. Biz də özümüzə borc bildik ki, bu günlərdə Neftçilər Xəstəxanasının həkimlərinin qəbuluna gedərək qan analizi etdirmək üçün müraciət etmək  istəyən xəstələri baş verənlər barədə əvvəlcədən xəbərdar edək… Və onları zamanlarını boş yerə itirməmələri barədə məlumatlandıraq. Hansı ki, bunu xəstəxananın rəhbərliyi etməlidir… 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!