ABŞ və İran arasındakı gərginlik və Hörmüz boğazındakı problemlər dünya bazarında neftin qiymətini artırıb.
Tezadlar.az xəbər verir ki, geosiyasi hadisələr nəticəsində dünya bazarında Brent neftinin qiyməti dünən 109 dolları, WTI nefti isə uzun müddətdən bəri görünməmiş 106 dolları keçib.
Azərbaycan nefti də bahalaşmanı davam etdirib – keçən həftənin sonundan bəri neftimiz 120 dollardan aşağı düşmür və ABŞ-İran qarşıdurmasındakı vəziyyəti nəzərə alanda yaxın günlərdə bu vəziyyət davam edəcək.
Nəticədə sentyabrın 14-də Azərbaycan nefti 127,29 dolları, sentyabrın 15-də isə 128 dolları keçib – 128,3 dollar.
Neftin kəskin bahalaşması ölkəyə və büdcəyə böyük gəlirlər gətirir. Dünən açıqlanan 6 aylıq Tədiyə balansının məlumatlarına görə, məhz neft qaz gəlirləri sayəsində ölkənin tədiyə balansında profisit 2 dəfə artaraq 4,74 milyard dollara çatıb. Bu ötənilin eyni vaxtından 2 dəfə artıqdır. Təkcə neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti illik müqayisədə 23,6% artaraq 9 milyard 59,1 milyon dollara yüksəlib.
Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində neftin qiyməti 65 dollardan götürülüb. İndiki qiymət isə (128 dollar) büdcədki qiyməti faktiki 2 dəfə üstələyib.
Dünyada neftin belə bahalaşmasının İran müharibəsi ilə bağlı olduğunu hamı anlayır, ABŞ prezidenti Donald Tramp da iqtisadi narahatlıqları sakitləşdirmək üçün elan edib ki, münaqişədən sonra neft kəskin ucuzlaşacaq – «qiymət çökəcək». Amma hələlik münaqişənin davam etdiyi dövrdə neft ölkələri yüksək qiymətlərdən faydalanmaqdadırlar.
Hələlik neftin yüksək qiymətinə və büdə gəlirlərinin artımına, eyni zamanda büdgədəki profisitə baxmayaraq hökumət ehtiyatlı davranır. Maliyyə Nazirliyi xərclərdə qənaət etməkdədir.
FED.az xəbər verir ki, bir qədər əvvəl Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir ki, Azərbaycan hökuməti 2026-cı ildə dövlət büdcəsinin əvvəlcədən təsdiq edilmiş hissəsinə təxminən 1 milyard manat qənaət etmək niyyətindədir.
Sənəddə bildirilir ki, 2026-cı il Azərbaycanın dövlət büdcəsinin xərcləri 40 milyard 862,6 milyon manat səviyyəsində olacaq. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 faiz azdır.
Xatırladaq ki, 2026-cı ilin büdcəsində ilkin variantda xərclər 41 milyard 703,6 milyon manat nəzərdə tutulmuşdu. Başqa sözlə, bu il büdcə xərcləri əvvəlcə nəzərdə tutulduğundan 841 milyon manat az olacaq.
Qənaət nəticəsində büdcədə 3,7 milyard manatlıq profisit yaranıb. Amma hələlik onun necə sərf ediləcəyi barədə məlumat verilmir. 2027-ci il üzrə büdcənin ilkin konturları açıqlanandan sonra hökumətin büdcə ilə bağlı yanaşması dəqiq bilinəcək. Hələlik 2027-ci ilin büdcəsi Nazirlər Kabinetində İqtisadi Şuranın iclasında ilkin müzakirədən keçib və onun NK-ya təqdim olunması qərara alınıb.







