Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Avqust 2026 / 19:50

O, hər bir kəsin şairi idi…- PROFESSOR YAZIR

… O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi…
… Uşaqlarla uşaq dilində danışar, poetik düşüncələri ilə böyüklərə sanki öyüd, nəsihətamiz şirin duyğular yaşadardı.
… Uşaq və gənclər ədəbiyyatından tutmuş dünya ədəbiyyatında öz layiqli möhürünü vurmuşdu, nəhəng ədədi salnamə yaratmışdı Nəriman Həsənzadə…
… Sözün, ədəbi dilin kamil ustadı idi, Söz qəlbindən şirin bulaq suyu kimi axırdı. Ədəbiyyatımıza yeni nəfəs gətirən şair özünəməxsus ifadə tərzi və dəst-xəti sayəsində Azərbaycan xalqının poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş edib.
“Dostlar gözləyir məni”, “Sizdən ayrılmadım”, “Könlüm şer istəyir”, “Mənim gecəm-gündüzüm”, “Kimin sualı var”, “Gəlimli-gedimli dünya” və digər kitablarında millir irs və ənənələrimiz, saf məhəbbət, dərin vətənpərvərlik və milli dövlətçilik duyğuları canlanır.
Onun drammaturgiyamıza verdiyi töhfələr də çox möhtəşəmdir. əsərləri teatrlarda gur alqışlarla qarşılanardı. Böyük ictimai xadim Nəriman Nərimanovun siyasi həyatını qələmə aldığı “Nəriman” epik-dramatik poeması əsasında hazırlanmış “İmzalar içində” pyesi teatr səhnələrindən düşmürdü, sovet ittifaqında böyük-səs küy yaratmışdı.
“Qoy bütün Şərq bilsin” adı ilə yenidən işlənən və siyasi motivlər yer alan pyesə SSRİ rəhbərliyi tərəfindən qadağan qoyulan zaman Ulu öndər Heydər Əliyev 1981-ci ildə qarşısını aldı. Heydər Əliyev özü şəxsən tamaşaya baxmaq üçün Moskvadan Bakıya gəldi və əsər əsil ədəbi milli hadisə kimi tarixə düşdü.
Eləcə də böyük cəsarət və iradə sayəsində ərsəyə gələn “Azadlıq himni” ilə Azərbaycanın istiqlal ruhu o dövrdə canlandırıldı, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü” əsərlərində dövlətçilik irsi aşılanırdı.
Bütün bunlar Nəriman Həsənzadənin siyasi yaddaşının, ictimai təfəkkürünün zənginliyindən xəbər verir.
… “Vətənsiz”, “Nuru Paşa” poemaları dünya ədəbi mühitində böyük rezonans doğurmuşdu, ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat dillərinə tərcümə olunmuş əsərləri Nəriman Həsənzadənin dərin fəlsəfi qüdrətini əks etdirir.
… O, həm də söz elminin möhtəşəm bilicisi idi, elmi yaradıcılığınin zirvəsində qərar tutan Nəriman Həsənzadənin Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü və akademiki seçilməsi Söz və Elm sənətində nəhəngliyinin nümunəsidir.
… Nəriman müəllimlə mənim də zəngin xatirələrim var, yol yoldaşı olmuşuq, şirin və ürəkoxşyan danışığından doymaq olmurdu.
1999-cu ildə Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti olan Cənab İlham Əliyevin ictimai-siyasi fəaliyyətindən bəhs edən “O böyük siyasətə hazırdır” adlı kitabımın (Həmin dövrdə Nəriman müəllim də, mən də İlham Əliyevin Prezident kimi yetişdiyinin qənaətindəydik) gürcü dilində nəşri də çap olunmuşdu. Kitabın Tiflis şəhərindəki Axundov adına Mərkəzdə keçirilən geniş təqdimat mərasimində Nəriman Həsənzadə də iştirak edirdi. Onun sonsuz dərəcədə möhtərəm çıxışı zaldakıların dayanmaq bilməyən alqışları ilə qarşılanmışdı.
2000-ci ildə Naxçıvan Muxtar Respublikasında ictimaiyyətin dəvəti və iştirakı ilə həmin kitabın keçirilən təqdimatında da Nəriman müəllimin ədəbi mühakiməsi ilə yanaşı, ictimai-siyasi fəhminə, uzaqgörən təfəkkürünə bələdəm.
Nəriman Həsənzadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
… Böyük sənətkara Uca Yaradandan rəhmət diləyirəm…
Vaqif Abdullayev,
Professor
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!