Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Baş nazir İrakli Kobaxidze bildirib ki, ölkəyə qarşı aparılan “absurd, lakin ciddi proses” Gürcüstan hakimiyyətinin prinsipial və milli mövqeyi ilə bağlıdır. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, Baş nazir bu barədə Hökumət Administrasiyasında keçirilən brifinqdə danışıb. Kobaxidzenin sözlərinə görə, Gürcüstana qarşı həyata keçirilən bu kampaniya çərçivəsində “Dərin Dövlət” adlandırdığı qüvvələrin arsenalındakı bütün vasitələrdən, o cümlədən vaxtilə nüfuzlu hesab olunan Avropa institutlarından istifadə olunur. Baş nazir qeyd edib ki, ATƏT Parlament Assambleyasının qəbul etdiyi qətnamə də bu prosesin tərkib hissəsidir. Onun sözlərinə görə, Gürcüstan 2022-ci ildən etibarən “Dərin Dövlət” üçün əsas hədəfə çevrilib. Səbəb isə ölkənin Rusiyaya qarşı ikinci cəbhənin açılmasından və Moskvaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi olub. Kobaxidze bildirib ki, Gürcüstan bununla milli maraqlarına zidd addım atmayıb, 2008-ci ildən fərqli olaraq növbəti “avantüraya” qoşulmayıb və öz suverenliyini, sülhünü və iqtisadiyyatını qorumağı seçib. Baş nazir qeyd edib ki, ATƏT Parlament Assambleyasının qətnaməsində yer alan ittihamlar Avropa bürokratiyasının Gürcüstanda radikalizm və inqilabi prosesləri təşviq etmək məqsədilə səsləndirdiyi iddiaların təkrarından ibarətdir. Onun fikrincə, məqsəd hakimiyyət dəyişikliyinə nail olmaq və “özlərinə tabe agenturanı” yenidən hakimiyyətə gətirməkdir. Kobaxidze vurğulayıb ki, qətnamədə səsləndirilən ittihamların əsassız olduğunu ATƏT-in öz sənədləri və bəyanatları da təsdiqləyir. Baş nazir xatırladıb ki, qətnamədə 2024-cü il parlament seçkilərinin legitimliyi şübhə altına alınsa da, həmin seçkilər ATƏT və onun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODIHR) tərəfindən baş tutmuş və rəqabətli seçkilər kimi qiymətləndirilib. Kobaxidze çıxışında ATƏT Parlament Assambleyasında İsveçrə nümayəndə heyətinin rəhbəri Daniel Pesslerin sözlərinə də istinad edib. Onun sözlərinə görə, Pessler sessiyada bildirib ki, “Gürcüstanda keçirilən seçkilər ideal təşkil olunmuş, ədalətli idi və heç bir pozuntu qeydə alınmamışdı. Sadəcə nəticələr bəzi Avropa ölkələri üçün arzuolunan olmadı.”
O, həmçinin əlavə edib ki, Gürcüstan vətəndaşları həm 2024-cü il parlament seçkilərində, həm də 2025-ci il yerli özünüidarəetmə seçkilərində şüurlu seçim edərək hakim partiyaya dəstək veriblər. Onun sözlərinə görə, son seçkilərdə hakim partiyaya 1,1 milyondan çox seçici etimad göstərib.