16 Mart 2026 / 05:12

Papa Yaxın Şərqdə atəşkəs çağırışı etdi

Vatikan dövlətinin başçısı və Katolik Kilsəsinin mənəvi lideri Papa XIV Leo Yaxın Şərqdəki münaqişəyə görə məsul olanları atəşkəsə riayət etməyə çağırıb.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Papa XIV Leo ənənəvi bazar duasını Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən oxuyub. Çıxışında Papa Yaxın Şərqdəki böhranı şərh edib. Bu böhran 28 fevralda ABŞ və İsrailin İrana hücumları ilə başladı və İranın qisası ilə davam etdi, İsrailin Livana hücumları ilə genişləndi.

Papa bildirib ki, son iki həftə ərzində Yaxın Şərq xalqı müharibənin dəhşətli zorakılığına məruz qalıb və əlavə edib: “Minlərlə günahsız insan öldürülüb və daha çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Livandakı vəziyyət böyük narahatlıq doğurur. Ümid edirəm ki, ölkədəki hakimiyyət orqanlarına davam edən ciddi böhrana davamlı həll yolları tapmaqda dəstək olmaq üçün dialoq kanalları açılacaq. Bu, bütün Livan xalqının ümumi rifahı naminədir. Bu münaqişəyə görə məsul olanlara müraciət edirəm: atəşi dayandırın! Dialoq kanalları yenidən açılsın. Zorakılıq heç vaxt insanların gözlədiyi ədaləti, sabitliyi və sülhü gətirə bilməz!”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!