Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün – 4 may tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin may ayından 30 aprel 2026-cı il tarixinə qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib: “Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl – bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın”.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Aİ-nin Bakıdakı səfiri Marijana Kujunçiçə etiraz notası təqdim etmiş və AP qətnaməsinin müddəalarını reallığı təhrif edən və dövlətlərin obyektivliyi və suverenliyinə hörmət prinsiplərinə zidd adlandırmışdır.
E.ŞİRİNOV