Əsas məzmuna keç

“Prezident İlham Əliyevə qarşı səsləndirilən iftira xarakterli fikirlər Azərbaycan ictimaiyyətində haqlı hiddət doğurur”

Türkiyənin özündə dini və dünyəvi dəyərlər ətrafında aparılan siyasi müzakirələr cəmiyyətdə qütbləşməni dərinləşdirir. Hesab edirik ki, baş örtüyü kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadə edilməsi nə Türkiyə xalqının birliyinə, nə də ümumilikdə müsəlman dünyasının həmrəyliyinə xidmət edir. Bu qəbildən olan məsələlərdən Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması isə xüsusilə yolverilməzdir. AKP iqtidarını bu zərərli siyasətdən çəkinməyə çağırırıq.

Tezadlar.az xəbər verir ki,  bu barədə Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral və hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən ölkəmizlə bağlı səsləndirilmiş fikirlərinə münasibətində qeyd edilib.

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyətinə qarşı ayrı-ayrı informasiya resurslarında səsləndirilən təhqir, böhtan və iftira xarakterli fikirlər də Azərbaycan ictimaiyyətində haqlı hiddət doğurur.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi Azərbaycan–Türkiyə münasibətlərinin mənəvi və siyasi təməlini təşkil edir. Lakin bu tarixi ifadənin mahiyyətinin təhrif edilməsinə yol vermək olmaz. Burada söhbət məhz bir millətdən və iki müstəqil dövlətdən gedir. Bu prinsip heç bir halda bir dövlətin digərinin daxili işlərinə müdaxilə etməsinə, öz siyasi və ideoloji yanaşmalarını digərinə qəbul etdirməsinə əsas vermir.

Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamış, öz dövlətçiliyini bərpa etmiş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil daxili və xarici siyasət həyata keçirən suveren dövlətdə yaşayır.

Yeni Azərbaycan Partiyası hesab edir ki, Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, xüsusilə də yüksək dövlət vəzifələri daşıyan şəxslər açıqlamalarında siyasi məsuliyyət nümayiş etdirməli, Azərbaycan Respublikasının suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmalıdırlar.

Ümid edirik ki, Türkiyənin müvafiq siyasi dairələri bu cür məsuliyyətsiz açıqlamalardan düzgün nəticə çıxaracaq, Azərbaycan–Türkiyə münasibətlərinə zərər verə biləcək addımlardan çəkinəcəklər”, – deyə açıqlamada bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…