Professor Saleh Məmmədov 100 yaşlı müəllimindən yazdı…

Oxunma sayı: 845

Ömrünü elmə, təhsilə və insanların şəxsiyyətinin formalaşmasına həsr etmiş böyük müəllim, el ağsaqqalı, vətənpərvər və mərd insan Mədəd Həbib oğlu Sadıqovun 100 illik yubileyində onun xatirəsini dərin hörmətlə anırıq.

…1925-ci ildə Tovuzun Çataq ərazi vahidinin Hacılar kəndində dünyaya göz açan Mədəd müəllim, həyatının ilk sınağını 19 yaşında Sovet-Alman müharibəsinin qızğın cəbhələrində keçdi. Ağır yaralansa da, Vətənə qayıdaraq ömrünü təhsilə həsr etmək qərarı aldı. Hələ yeniyetmə yaşlarından Çataq kənd məktəbində müəllim kimi başladığı yol, onu Azərbaycan Pedaqoji İnstitutunun məzunu, sonra isə məktəb direktoru, hətta dağ kəndlərində yeni təhsil ocaqlarının banisi etdi. Hacılar kənd orta məktəbi onun zəhməti ilə yalnız divarlardan ibarət deyil, “Keçici Qırmızı Bayraq” kimi şərəfli bir simvola çevrildi.
Mədəd müəllim təkcə dərs deyil, həyat dərsi verirdi. Onun şagirdlərinə öyrətdiyi elm deyildi yalnız – düzlük, cəsarət, mətinlik, vətən sevgisi, millilik kimi dəyərlər idi. 75 illik ömründə iki dəfə – həm Böyük Vətən müharibəsində, həm də Tovuzun müdafiəsində ön cəbhədə duran bu müəllim, “torpaq verməyən, torpaq alan” bir xalqın ruhunu nümayiş etdirdi. 2020-ci ildə, artacaq 95 yaşında olsa da, doğma kəndinin sakinlərini, Tovuzun övladlarını müdafiəyə səfərbər etdi. Çünki ona görə vətən – yalnız torpaq deyil, hər bir insanın yurdu, şərəfi və gələcəyi idi.
Onun pedaqoji fəlsəfəsi sadə, lakin dərin idi: “Təhsil insanın beynini deyil, ürəyini işıqlandırmalıdır.” Məhz buna görə də onun şagirdləri bugün ölkənin ən yüksək zirvələrindən, dünyanın uzaq guşələrindən səs verir, müəllimlərinin öyrətdiyi dəyərlərlə yaşayır. Mədəd müəllim yalnız məktəb divarları içində deyil, kəndin hər bir evində, hər bir problemdə, hər bir səadət anında var idi. O, el ağsaqqalı kimi hamının müraciət etdiyi bir məsləhətçi, həyat müəllimi, hətta ümid mənbəyi idi.
Bu gün onun 100 illik yubileyində deyə bilərik ki, Mədəd müəllimin irsi – təkcə tikdiyi məktəblər deyil, yetişdirdiyi minlərlə şəxsiyyətdir. Onun həyatı bizə öyrədir ki, elmə həsr olunmuş bir ömür heç vaxt bitməz – o, nəsildən-nəsilə, ürəkdən-ürəyə köçür.
Sənin əməyin, sənin dəyərlərin, sənin nümunəvi həyatın bizim üçün işıq, yol göstərən ulduz olaraq qalacaq. Xatirən hər zaman şərəf və hörmətlə yaşayacaq. Yaxınlarına, şagirdlərinə, Tovuz xalqına başsağlığı veririk. Sənin adın, idealların və irsin əbədiyyətə qədər yaşayacaq.
Bir qrup şagirdləri adından: Prof. Saleh Məmmədov
Xəbəri paylaş